Uzun illərdir ki, Xətai rayonunda yaşayıram. Deyərdim ki, Xətai rayonu tarix boyu bu qədər abad, təmiz və mənzərəli olmayıb. Bütün məhlələrin ardıcıl olaraq yeni, müasir üslubda təmiri, daim yaşıllıqların qorunması və artırılması Xətai rayonunun sakinlərinin rahatlığı üçün daima davam etdirilir.
Mənim yaşadığım ərazinin yaxınlığında olan Gənclik parkı isə başqa aləmdi. Orada gəzəndə sanki hansısa mənzərəli rayonun füsunkar təbiətini hiss edirsən. Şəhərin panoraması, Xəzər dənizinin görüntüsü, istirahət üçün oturacaqlar, idman etmək üçün avadanlıqlar, velosiped zolağı, futbol meydançası, attraksiyonlar və süni yaradılmış göl- “başıbəlalə göl”.
Niyə “başı bəlalı” göl? Çünki bu göl hər il təmizlənir, suyu dəyişilir. Hər təmizlənəndə həmkar dostlarımız ora iftira atır; gah yazırlar “göl satıldı”, gah yazırlar “göl yoxa çıxdı”.
Göl yerindədir ,əziz dostlar, suyu çəkilib, yenisi ilə doldurulacaq. Dəqiqləşdirilməmiş məlumatlar yazaraq sakinləri çaşdırmayın. Deyə bilərsinizmi, suyu boşaltmadan gölü necə təmizləmək olar?
Demək olar ki, gölün yerləşdiyi Gənclik parkında hər gün gəzirəm. Orada olan istənilən nöqsan- qırılan oturacaqlar, yanmayan işıqlar, küçə itləri barəsində parkda işləyən istənilən şəxsə məlumat verəndə dərhal qaydasına qoyulur.
Heç kim gölə görə narahat olmasın. Göl hər il olduğu kimi mövsümlə əlaqədar olaraq, bu il də təmizlənir. Heç olmasa, yazmamışdan qabaq oranı təmizləyən şəxslərdən soruşun, sonra yazın. Hər şeyi düz yazaq, vicdanlı yazaq!
Baş verən hadisə ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən Millətin Səsi.az- a bildirilib ki, hazırda Xətai rayonu ərazisində yerləşən Gənclik parkında təmir işləri aparılmaqdadır:
“Təmir işləri çərçivəsində gölün yerləşdiyi sahədə əsaslı təmir işləri həyata keçirilir. İşlər icra edildikdən sonra hövzə yenidən su ilə təmin ediləcək”.


