Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü

Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev aprelin 25-də Sankt-Peterburq şəhərində Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Bu barədə Milletinsesi.az-a DGK-dan məlumat evrilib.

Görüş Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı çərçivəsində baş tutub.

S.Mehdiyev ÜGT-nin Baş katibi Kunio Mikuriyanın bu ilin yanvarında Azərbaycana səfərindən sonra onunla yenidən görüşməkdən məmnun olduğunu bildirib. ÜGT ilə Azərbaycan gömrüyü arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən Komitə sədri, bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

Azərbaycanda həyata keçirilən islahatlardan bəhs edən S.Mehdiyev, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdiridiyini bildirib. Qeyd edilib ki, gömrük sistemində şəffaflığın təmin olunması və korrupsiya ilə mübarizə sahəsində atılan qətiyyətli addımların nəticəsi olaraq həm fiskal, həm də hüquqpozmalara qarşı mübarizə istiqamətində ciddi nailiyyətlər əldə olunub.

K.Mikuriya ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib. Azərbaycanın ÜGT-nin ən fəal üzvlərindən biri olduğunu vurğulayan Baş katib təmsil etdiyi qurumun bir neçə mərkəzinin Azərbaycanda yerləşməsini qarşılıqlı səmərəli əlaqələrin, Azərbaycan gömrüyünün beynəlxalq səviyyədə gömrük işinə verdiyi töhfələrin nəticəsi kimi yüksək qiymətləndirib.

ÜGT rəhbəri Azərbaycan gömrüyündə islahatların davam etdiriləcəyinə və təmsil etdiyi qurumla səmərəli əlaqələrin bundan sonra daha da güclənəcəyinə əminliyini ifadə edib.

Görüşdə, eyni zamanda,bu ilin iyununda Azərbaycanda baş tutacaq informasiya texnologiyaları sahəsində beynəlxalq konfransın təşkili, həyata keçirilən hazırlıq tədbirləri ilə bağlı məsələlər müzakirə edilib.

Share: