Stevia otu (onu “şəkər otu”, “bal otu” da adlandırırlar) sözün əsl mənasında möcüzəli bitkidir.
Saglamolun.az bildirir ki, stevianın yarpaqlarında unikal şirin maddə “steviozid” var. Bitkinin yarpaqlarını emal etdikdən sonra təbii şəkər əvəzedicisi olan steviozid alınır. Bu maddə şəkərdən qat-qat şirindir. Steviozidin 50 qramı 10 kq şəkəri əvəz edir!
Həmçinin stevia azkalorilidir. 100 qr steviada yalnız 18 kalori var. Bu arıqlamaq istəyənlər üçün çox vacibdir.
Stevianın vətəni Çənubi Amerikadır. Bu ərazilərin yerli əhalisi stevianı qədim zamanlardan şəkər əvəzinə və həmçinin müalicəvi bitki kimi istifadə edir.
Stevianın kimyəvi tərkibi olduqca zəngindir. Burada efir yağları, büzücü maddələr, E, B, D, C, PP vitaminləri, aminturşuları, dəmir, mis. kalium, fosfor, sink, selen, maqnezim və s. kimi orqanizm üçün vacib maddələr var.
Steviadan hazırlanan təbii şəkər əvəzedicisi kimyəvi şəkər əvəzedicilərlə müqayisədə ziyansızdır və bütün dünyada qida sənayesində (şirniyyatların, yoqurtun, saqqısın və s. məhsulların istehsalında) geniş istifadə olunur.
Steviozid xüsusilə diabet xəstələr üçün hazırlanan hazır məhsulların tərkibində istifadə olunur. Bu maddə şəkərlə müqayisədə bu xəstələrin sağlamlığına mənfi təsir etmir. Təbii ki, burada da müəyyən məhdudiyyətlər var.
Stevia şəkərdən daha faydalı hesab edilir. Bu səbəbdən son zamanlar sağlam həyat tərzi pərəstişkarları qidalanmada şəkəri stevia ilə əvəz edirlər.
Stevia bitkisinin müalicəvi xüsusiyyətləri arasında:
– qanda şəkərin səviyyəsini tənzimləyir
– arterial təzyiqi aşağı salır
– qanda xolesterinin səviyyəsini aşağı salır, damarları aterosklerozdan qoruyur
– orqanizmi ziyanlı maddələrdən təmizləyir
– iltihabları azaldır
– bağırsaqlara antiseptik təsir göstərir
– immun sistemini möhkəmləndirir
– metabolik prosesləri sürətləndirir, arıqlamağa kömək edir
– dərinin vəziyyətini yaxşılaşdırır
– xərçəng xəstəliklərin inkişafından qoruyur
Steviadan çox faydalı və dadlı çay hazırlamaq olar. Bunun üçün 1 x.q. stevia yarpaqlarını 1 stəkan isti suda 30 dəqiqə ərzində dəmləyin və adi çay kimi için. Bu içki iştahanı azaldır və bununla da arıqlamaq istəyənlərə kömək edir.
Həmçinin stevianın yarpaqlarını salatlara da əlavə etmək olar.