Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində bəyanatla çıxış edən BMT-nin insan haqları üzrə Ali komissarı Mişel Baçelet vurğulayıb ki, iqlim böhranı bu gün bəşəriyyətin ən böyük problemidir, çünki insanın ən təməl haqqını – yaşamaq hüququnu əlindən alır.
Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, o, siyasətçilərə xəbərdarlıq edib ki, hazırkı və gələcək nəsillərin həyatı məhz onların fəaliyyətindən, yaxud fəaliyyətsizliyindən asılıdır.
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsində yazılmış “Bütün insanlar azad, bərabər hüquqlarla və ləqyəqtlə doğulur. Onlara ağıl və vicdan verilib və bir-birinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar” sözlərini sitat gətirən Ali komissar əlavə edib ki, iqlim sahəsində fövqəladə vəziyyət İkinci Dünya müharibəsindən sonra dünyada insan haqlarına yaranan ən böyük təhlükə ola bilər. Onun sözlərinə görə, artıq iqlim dəyişikliyinin təsiri həyatın bütün sahələrində – yaşamaq hüququndan, səhiyyədən, qidalanmaqdan, su ehtiyatlarından və mənzil hüququndan tutmuş ayrı-seçkilikdən azad olmaq haqqına, inkişafa və öz müqəddəratını təyin etməyə qədər bir çox məsələlərdə özünü göstərir. Lakin İqlim dəyişikliyi ən çox gələcək nəsillərin həyatına təhlükə törədir. Məhz bu səbəbdən bu gün bir çox uşaq, yeniyetmə və gənclər ətraf mühitin mühafizəsi uğrunda çıxış edir və yaxınlaşan fəlakət haqqında daha gur danışırlar. M.Baçelet deyib: “Bu gənclər tamamilə ədalətli olaraq bildirirlər ki, onların və hələ dünyaya gəlməmiş körpələrin həyatı təhlükə altındadır. Yaşlı nəslin hərəkətlərinin və ya hərəkətsizliyinin acısını da məhz onlar çəkməyə məcbur olacaqlar. Ayrı-ayrı ölkələrin, regionların və bütövlükdə planetimizin taleyi bu gün dövlətlərə və kommersiya strukturlarına başçılıq edən və qərarlara imza atanlardan asılıdır. Biz elə etməliyik ki, gənclərin səsi eşidilsin”.
Ali komissar xatırladıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hər kəsin hüquqlarının müdafiəsini, o cümlədən gələcək nəsillərin “heç nəyin onların ləyaqətinə və hüquqlarına təhlükə törətməyəcəyi ədalətli bir cəmiyyətdə yaşamaq” haqqını nəzərdə tutur.
Mişel Baçelet vurğulayıb ki, heç bir ölkə ayrı-ayrılıqda fövqəladə iqlim vəziyyətinin nəticələrini aradan qaldıra bilməyəcək. Artıq bu gün təbii fəlakətlər, quraqlıq və daşqınlar nəticəsində insanlar evlərini, yaşamaq üçün təbii qaynaqları itirir və bir çoxları yurdlarını tərk etməli olurlar. Bərabərsizlik getdikcə dərinləşir. Ən mühüm olanı isə, təcavüzkar millətçilik və ani maliyyə maraqları ilə həyata keçirilən heç bir tədbir iqlimin dəyişməsinin qarşısını ala bilməyəcək. Bu cür səylər nəinki vəziyyəti yaxşılaşdırmayacaq, hətta onu daha da pisləşdirəcək. “İqlim ədaləti uğrunda mübarizə və insan hüquqları heç də siyasi mübahisə mövzusu deyil. Söhbət sol və ya sağ təmayüllərdən getmir, əsas məsələ xeyirlə şər arasında olan seçimdir”, -deyə Baçelet əlavə edib.
İqlim dəyişikliyi milyonlarla insanı bərbərsizlik və repressiyalara qarşı etiraz edərək küçələrə çıxmağa vadar edən yeganə səbəb deyil. Baçelet onları “işan hüquqlarının canlı nümunəsi” adlandırıb: “Bu insanların cəsarəti, zehin aydınlığı və prinsipiallığı mənə ilham verir, bəzən həqiqətən çox gənc insanlar hökumətlərdən buraxılan səhvlərin düzəldilməsi, azadlıq və ədalətin tam şəkildə təmin edilməsi tələbləri ilə mübarizəyə qalxırlar”.
Ali komissar daha sonra deyib: “Ötən il 70 illiyi qeyd edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit edilib ki, bizim hər hansı ayrı-seçkilik formasından azad şəkildə yaşamaq hüququmuz var. Bizim təhsil, səhiyyə, iqtisadi imkanlar və layiqli həyat tərzi üzrə hüquqlarımız olmalıdır. Hamımızın həyatımıza təsir edən qərarların qəbul edilməsində iştirak etmək hüququmuz var. İnsan haqlarının qiymətsiz olduğu bir dünya orta əsrlərə geri qayıdır. Bu şəraitdə iqtidar heç bir əxlaqi və hüquqi məhdudiyyətlər olmadan hakimiyyətdən məhrum olmuş insanların hesabına varlana bilər”.
Baçelet qeyd edib: “Yer kürəsinin bütün guşələrində insanlar qüvvələrini səfərbər etməli və qətiyyətlə, lakin dinc yolla hər kəsin öz hüququndan istifadə edə biləcəyi, öz ləyaqətini qoruyacağı və öz seçimini edəcəyi dünya uğrunda mübarizə aparmalıdırlar. 1948-ci ildə həmin bəyannaməni qəbul edənlər bu konsepsiyanın mahiyyətini yaxşı başa düşürdülər. Bu gün qərar qəbul edənlər onu anlayırmı?”
Ali komissar dünya liderlərini dar çərçivədə milli və siyasi maraqlarını bir kənara qoymağa, gələcəyə aydın baxmağa və Yer kürəsinin bütün sakinlərinin, o cümlədən özlərinin və xələflərinin rifahı naminə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.