Behbud xan Cavanşirin abidəsinin açılışı oldu

Dekabrın 18-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri işləmiş Behbud xan Cavanşirin xatirəsinə ucaldılan abidənin açılışı olub.

Milletinsesi.az xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı, İstanbul Valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanan xatirə abidəsi şəhərin tarixi bölgələrindən olan Beyoğlu rayonunda, Behbud xan Cavanşirin erməni terrorçu tərəfindən qətlə yetirildiyi “Pera Palas” otelinin qarşısında yerləşdirilib.

Açılış mərasimində ölkəmizin İstanbuldakı baş konsullu Məsim Hacıyev, İstanbul Valiliyinin, Beyoğlu Bələdiyyəsinin və konsulluğun əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, Türkiyədə fəaliyyət göstərən Azərbaycanın dövlət təşkilatlarının, KİV-lərin və QHT-lərin nümayəndələri, bu şəhərdə yaşayan həmyerlilərimiz və tələbələr iştirak ediblər.

1921-ci il iyulun 18-də “Daşnaksütyun” erməni terror təşkilatının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilən Azərbaycanın görkəmli dövlət xadimi Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad xanın oğlu olub. 1918-ci ilin iyunun 17-də Fətəli xan Xoyskinin yaratdığı hökumətdə Daxili İşlər naziri vəzifəsini tutan Behbud xan Cavanşirin Azərbaycanda bu sistemin formalaşmasında xidmətləri danılmazdır. O, eyni zamanda, ölkənin Ticarət və Sənaye naziri kimi də fəaliyyət göstərib.

 

Share: