713-Ə GƏLƏN YOL

I HİSSƏ

RUS ZABİTİYLƏ DANİELYANIN QARABAĞLA BAĞLI AÇIQ MƏTNLİ MESAJI

…Əslində mənim 713-ə gələn yolum 1987-ci ildən başlamışdı – hələ sovet ordusu sıralarında xidmət etdiyim andan. O zaman xidmət etdiyim Uzaq Şərq Dairəsində əsgəri olduğum motoatıcı polkda erməni Danielyanla dava ilə sonuclanan mübahisədən başlamışdı bu yol. Danielyan o zaman mənim “qara millət”dən olduğumu görüb “ara, hayes, turkes?” sualıyla mənə yaxınlaşanda rusca ona bir az da kobud sözlərlə “nə türk, nə hayes, mən azərbaycalıyam” demişdim. O da mənə ikrahla baxıb cavabında “ladna, ….s vami” söyləmişdi.
Bu da mənə çox pis təsir etdi.

Danielyan gənc çağırışçı idi. Həm də idmanın ağırlıqqaldırma növü ilə məşğul olmuşdu, mütənasib bədən quruluşu da var idi. Elə mən özüm də o zaman karatenin şotokan növüylə məşğul olurdum. Ona cavabım özünü çox gözlətmədi. “Yokogeri” deyilən fəndlə Danielyanın düz hulqumuna zərbə endirdim. Adam yerə yıxılıb pırtıldamağa başladı. Bunu özünə gətirəndə qalxan kimi rusca “.. mən səni ….Dayan, dayan, siz türklərdən biz ermənilər Qarabağı alanda mən səni ….Siz ….., siz işğalçısınız. Biz sizdən Qarabağı …..alacağıq” dedi….

Məni dəhşət bürümüşdü. Nə türk, nə Qarabağ!?..

Bunu dərhal götürüb ştaba apardılar…

Bizim ştabın rəisi də erməni idi. Komandir rota Belokonenko əmrləri icra etmədiyinə görə onsuz da mənimlə düz demirdi. Bundan sonra mənə bir az da yanıqlıq verib “daha mənə ehtiyac qalmadı, indi səni ermənilər….” dedi. Mən də çox pis söyüşlə cavab verdim. Axşam da həmişəki kimi “qaubvaxt”a xlorlu suyun içinə getdim….
Sonradan həmin ermənini başqa batalyona apardılar. Mənisə 4 ay 12 gün “sındırmaq” üçün o şəraitdə saxladılar….

Heç bir xeyri olmad. Artıq bütün komandir heyətilə dostlaşmışdım. Məni “strelba”ya da aparanda Belokonenko bizimlə getmirdi. Belokonenko guya mənə zülm kimi çəkisinə görə ağır silah vermişdi – qranatamyot. Mənə də qranatamyot öyrədən erməni millətindən olan Lalayan idi. Qranatamyotçular həm də AKS və pistoletdən də atəş açırdılar. Belokonenkoya bildirmişdim ki, fürsət düşən kimi tribunalı göz önünə alıb birinci atəşi sənə açacam…

1988-ci ilin soyuq yanvar ayı idi. Möhkəm qar yağmışdı. Bizdə qış təlimi başlamışdı. Mənə də bildirdilər ki, sən də təlimə gedəcəksən. Ayaqlarım xlorun içində dayanmaqdan dizə qədər şişmişdi. Eləcə təlimə getdim. Komandir heyəti mənim bu halımı görüb həm də bir az rəğbət bəslədilər mənə. Mən qranatamyotdan ümumu yarışlarda birinci yeri tutdum Sonda Uzaq Şərq Hərbi Dairəsində bizim rotadan olan xaxol Koval avtomatda birinci, mən də qranatamyotda ikinci yeri tutdum. Və beləcə Belokonenkoya ikinci dərəcəli Suvorov ordeni verdilər. Bax onda Belokonenko mənə dedi ki, “sən bu qranatamyotu çox yaxşı edib öyrəndin, “qrajdanski” həyatda bu, sənə çox lazım olacaq”. Bir anlığa duruxdum ki, bu, nə gicləyir. Belokonenko özü də Bakıda doğulmuşdu, məni təpiklə vuranda anasını azərbaycanca söyəndə bunu bilmişdim. Bu mənə o sözü deyəndə aylar öncə Danilelyanın mənə dediyi sözlər yadıma düşdü. Artıq onda Danielyan yox idi. Spitakda rus ordusunun törətdiyi zəlzələdən sonra SSRİ-nin o zamankı müdafiə naziri əmr vermişdi ki, hansı erməni ailəsi zəlzələdən zərər çəkibsə, o ailədən olan əsgər evə buraxılsın. Ancaq bunu əsas götürərək bütün erməni əsgərlərin hamısı ordudan tərxis olundu….

 

ÖZÜM ÖZ GÖZÜMDƏN YIXILMIŞDIM….

 

Sözün düzü o zaman mən Xocalıdan öncə Daşaltıda baş verən uğursuzluqdan da tam məlumatlı deyildim. Fevral ayının 28-i idi. Mən Yardımlıdan İltifat kişinin idarə etdiyi “ikarusu”la Bakıya gəlirdim. Qabaq sıralarda oturmuşdum. Sürücü İltifat kişi də radioya qulaq asırdı. Mənim də döşümdə Cəbhənin nişanı var idi. Rəhmətlik dədəmi də yaxşı tanıyırdı. Birdən İltifat kişi mənə sarı dönüb “yenə də qırdırdılar camaatı, bə sizinkilər nöş dayanıb durublar” dedi.

O, “sizinkilər” deyəndə cəbhəçiləri nəzərdə tuturdu. Dedim nə olub ki? Dedi ki, Xocalıda böyük qırğın olub, radio deyir ki, “bizim tərəfdən 2 nəfər adam ölüb. Yalan deyir bu oğraşlar”…

Bir anlığa avtobusa sükut çökdü….Sonra söyüş, qarğış mərhələsi başladı. Ayaz Mütəllibovla Əbülfəz Elçibəy başda olmaqla həm də hərəkatın bütün aparıcı üzvlərinin ünvanına səslənən söyüşlə qarğışın biri bir qəpikdən göyə sovrulurdu.

Heç səsimi də çıxarmırdım. Xəyalım məni Uzaq Şərqə aparmışdı. Danielyanla Belokonenkonun o vaxtkı söhbətləri yadıma düşür, boyumun da tədricən balacalaşdığını hiss edirdim. Ətrafa baxmağa utanırdım. Mənə elə gəlirdi ki, hər kəs bu söhbətin şahidi olub və indi hər kəs mənə nifrətlə baxır. Gizlincə sinəmdəki Cəbhənin nişanını da çıxarıb cibimə qoymuşdum. Özüm öz gözündən yıxılmışdım…

TAPDALANAN QÜRURUMUZA OXUNAN AĞI

 

Beləcə avtobusla Bakıya gəlib çıxdıq. Mən Bakıya gələndən sonra o zaman telestudiyada işləyən tələbə yoldaşımdan baş verənlərlə bağlı soruşanda bunun rəsmi informasiya olduğunu, gerçəyinsə bam-başqa olduğunu vurğuladı. Onun da deməsinə görə ziddiyyətli xəbərlər gəlirdi…
Sonradan məlum oldu ki, o zamankı Ayaz Mütəllibov hakimiyyəti əsil gerçəyi gizlədib ki, hakimiyyət uğrunda gedən iç savaşda üstünlüyü əldən verməsin. Paralel olaraq o zamankı cəbhəçilər də bir çox hallarda əsil gerçəyi deyil, daha ziddiyyətli məlumatlar verirdilər…
Bu olaydan sonra mən birmənalı şəkildə kənddən gizli olaraq orduya getməyimə bağlı qərar qəbul etdim…
Məhz belə günlərin birində “”Günün ekranı” xəbərlər proqramından saçları pırtlaşıq halda olan bir qız üzünü Azərbaycan Kişisinə tutub tapdalanan heysiyyatımıza ağı deyir, hər kəsdən bu qisasın alınması üçün silaha sarılmanı istəyirdi.

 

XƏYALIMDA SON VƏSİYYƏTİMİ EDİRDİM…

 

Mən sonralar biləcəkdim ki, bu haray çəkən xanım o zamankı “Xocalının səsi” qəzetinin müxbiri Səriyyə Müslümqızı imiş…

Onda mən Yeni Günəşli qəsəbəsindəki “Q” massivində iki nəfərlə kirayədə qalırdım. Daha doğrusu, biz iki nəfər kirayədə qalırdım. O biri oğlansa belə demək mümkünsə, bizim qonağımız idi.

Səriiyyənin harayını eşidən kimi ani olaraq günü sabah cəbhəyə yollanacağıma tam qərar verdim….

Onda bizimkilər təzəcə nişan aparmışdılar ki, tezliklə məni evləndirmək istəyirdilər. Bir yandan bu, həyətimizdə ilk toy olacaqdısa, başqa bir yandan da ortalıqda qoca cicəmin (bizdə nənəyə cicə, anaya nənə, bacı da deyən var) arzusu idi ki, ölməyib mənim toy plovumu yesin. Cicəm ağır xəstə olduğu üçün bu işi tezləşdirib onun da öz əhdinə çatmasını istəyirdilər…

Qərəz mən fikrimi otaq yoldaşlarıma bildirəndə onlar elə bildilər ki, mən zarafat edirəm. Mənim “sabah tezdən durub gedək Müdafiə Nazirliyinə?” sualıma “yaxşı, yaxşı” deyib yatdılar. Demək olar ki, şəhərə kimi yatmadım. Bütün günümüz, bütün güzəranımız, bütün olmuşlar, bütün olacaqlar gözümün önündən bir qısametrajlı film kimi gəlib keçirdi. Xəyalımda nişanlıma öz vəsiyyətimi edib cəbhəyə yollanırdım….

MÜDAFİƏ NAZİRLİYİNDƏ MƏNƏ DEDİLƏR Kİ….

Şəhər açılar açılmaz çayı qaynadıb bu uşaqları səslədim ki, durun gedək, artıq gecdir. Uşaqlar yataqda fırlanır “məzələnmə də, get başımızdan” deyib yatdılar…

Beləcə mart ayının əvvəlləri olardı. Yollandım Müdafiə Nazirliyinə. Heç bu Nazirliyin giriş qapısını da tanımırdım. İndiki “Parlament” küçəsindəki qapıya yaxınlaşdım. Məni başa saldılar ki, arxa tərəfə keçim. Fırlanıb arxa tərəfə keçdim. Kimə müraciət edəcəyimi bilmirdim. Giriş qapısının sağ tərəfindəki otağa yaxınlaşdım, cəbhəyə getmək istədiyimi bildirdim. Bir mayor mənimlə söhbətləşəndən sonra ” sən…….san, atan şikəst kişi, özün nişanlı, işin, gücün, başın xarab olub!?” dedi. Kor-peşiman geri qayıtdım. Axşam otaq yoldaşlarım da məni bir az ələ salıb güldülər. Amma buna baxmayaraq altdan-altdan yollar arayırdım…
Aprel ayının 29-u idi. Yenə də Müdafiə Nazirliyinə yollandım. Həmin mayoru orada görmədim. Fikrimi qapıda duran hərbçiyə bildirdim. Mənə dedi ki, könüllü batalyon formalaşdırılır, amma bilmirəm onlarda yer var, ya da yox. 2 saata qədər orada gəzişib müşahidələr aparır, gəlib gedənlərdən sorğular alırdım. Saat 12-nin yarışı olardı. Bir də gördüm ki, bir vzvod əsgər gəlir, amma bunlar heç də çağlrışçıya oxşamırdılar…

GÖZLƏNİLƏN AN VƏ AYRILIQ ANI

 

Bu uşaqlar əsgəri nizam intizamla addımlayıb gəlib Nazirliyin qarşısında durdular. Mən də bunlara həsrətlə baxır və xoşbəxt bir anı gözləyirdim. Və nəhayət o xoşbəxt an gəldi. Birdən gördüm ki, yaşlı bir kişi ağlaya-ağlaya özünü Nazirlikdən içəri salmaq istəyir. Danışığından bəlli oldu ki, onun Elnur adında oğlu bunlardan xəbərsiz elə bu hərbi birliyə könüllü olaraq yazılıb orduya getmək istəyir. Ailədə bir qardaş, bir bacıdılar. Bunu eşidəndə Allaha yalvarmağa başladım ki, ya Rəbbim Sən bu kişinin işini düzəlt, qoy yer boşalsın ki, mən bu vzvoda qoşula bilim. Kişinin işi düzəlsə də, mənim işim düzəlmədi. Mənə dedilər ki, bizdə bu qüvvələri komplektləşdirməyə əlavə qüvvələr var…

“Qara, Qara” deyirdilər, bunların içində bir oğlan var idi. Özü Sumqayıtdan idi, çəkməçi idi. Yaman söhbətcil oğlan idi. Mənə dedi ki, sən get Axundov parkının yanına, orada mən bilən könüllüləri toplayırlar. Bunu eşidər eşitməz dərhal qaçıb gəldim ora.

O zaman indiki Klinik xəstəxana yox idi oralar ağaclıq idi, daha doğrusu, park idi.oradan aşağı enib Axundov parkına gəldim. Parkda cavan oğlanlar oturmuşdular, soruşdum, yerini göstərdilər. Dərhal zirzəmiyə endim. Orada Maarif adında bir oğlana yaxınlaşdım. Və o məni otağa apardı, adımı siyahıya yazdılar. Alışı da ilk dəfə orada gördüm. Dedilər ki, sabah gəlib paltarı götürə bilərsən. Özümü dünyanın xoşbəxt sanır, Danielyanla görüşəcəyim, haqq-hesab çəkəcəyik anı gözümün qarşısına gətirirdim…

Ayın 30-u qərargah deyilən yerə gəlib paltarı geyinib Qaraçuxura getdim ki, xəbər edim. Məni ƏSGƏR paltarında görəndə təzə qohumlar çaş-baş qaldılar. “Hər şey yaxşı olacaq” deyə mən hər kəsə ümid verirdim…
Kazarma şəraitinə keçməzdən öncə bizi evə buraxdılar ki, gedin sağollaşın. Mən də Yardımlıya – kəndə yollandım, sağollaşmağa…

 

 

II HİSSƏ

YARDIMLIYA GEDƏN ƏSGƏRİN YAŞANTILAR

..Bilmirəm bunun adı nə idi: özündənmüştəbehlik, yoxsa gerçəkdən ƏSGƏR qiyafəsiylə ƏTRAFA vətənpərvərlik hissinin aşılanmasına edilən cəhd!? Bildiyim o idi ki, artıq mən arzularımın qanadları üstündə göyün yeddinci qatındaydım. Yeriyəndə qamətlmi dik tutur, döşümü də qabağa verirdim. Oturanda da şax oturub təmkinli görünməyə çalışırdım. Azərbaycan Əsgərinin gerçək obrazını təqdim etməyə çalışırdım…

Yenə də İltifat kişinin ikarusundaydım. Yenə də qabaq sıralardan birində oturmuşdum. Bu dəfə radio deyil, radiodan fərqli olaraq gerçəkliyi mən danışırdım. Hərdənbir sürücü İltifat kişi də danışıqlarıma müdaxilə edib rəhmətlik dədəmlə bağlı zarafatlarıyla söhbətimizə sanki istiotla düz əlavə edirdi: “Bunun dədəsi Leninqradın Ermitaj muzeyində saxlanılan Yardımlı meteoritini tapıb göstərən kişidi. Bunun dədəsi o vaxtı soveti bəyənməyib qranisi pozub Irana keçmək istəyən kişidi. Bunun dədəsi Qaqarinə inanmayan kişidi”- deyib, dədəmin ünvanına şux zarafatlarla danışırdı….

Etika xatirinə mən də hərdənbir dodaqlarımı qaçırır və nəsə deyirdim. Amma fikrim məni lap uzaqlara aparırdı…

Xəyallarım minillərin o tayından çapıb gəlirdi. “İkarus” adlı şeytan arabasını özümə möhkəm at bilirdim. Minillərin o tayından türk övladı olaraq bu atı əhliləşdirməyimin qürurunu yaşayırdım. O yaşantılarımda zamanında 3 qitəyə hakim olan Xaqan babalarımın dünyanın o başından bu başına çapdıqları atın töyşüməsi yox idi, amma kişnərtiləri qulağımdaydı. Sanki sinəmdə döyünən də ürək deyil, o Atların ayaq səsləriydi. Bakıdan Yardımlıya doğru uzanan yolda keçdiyimiz rayonlar da mənə TARİX boyu yaradılan 32 İMPERİYADAN 21-nin sahibinin babalarımızın olduğu iftixarını yaşadırdı. Hərdən mənə elə gəlirdi ki, bu yolun bitməsi biz 2 milyon 400 min kvadrat kilometrlik bir ərazini dolanmalıuıq….

Fəqət bu günün gerçəkliyi başqa şeylərdən xəbər verirdi.

O GERÇƏKLİKDƏ DEYİLİRDİ Kİ, türklər dövlət qurmaqda və öz dövlətlərini çıxmaqda dünyanın birincisidir.
O GERÇƏKLİKDƏ DEYİLİRDİ Kİ, şah balamız Xəttinin qurduğu o 2 milyon 400 min kvadrat kilometrlik ərazidən bizə qalan 68 min kvadrat kilometrdir.

O GERÇƏKLİKDƏ DEYİLİRDİ Kİ, dünyada elə bir xalq yoxdur ki, bütün tərəfdən öz tarixi torpaqlarıyla həmsərhəd olsun…

Beləcə ətrafda baş verənlərdən, söhbətlərdən də xəbərsiz idim. Hətta yanında əyləşdiyim xanımın yemək üçün mənə etdiyi təklifi belə eşitməmişdim. Hansı ki, belə məqamlara həssas olan birisiydim…

Xanım qızın “sizə nə olub?” deməsiylə qabaq oturacaqda əyləşən yaşlı bir kişinin “a köpəy uşağı, hey. Bayaxdan nə başimi xarab eleyibsüz, canuz da çıxsa, o müharibəyə siz gedəceysüz. Varrunun uşağı heç vaxtı oriyə getmiyəcey. Bax elə ara qarişib məssəb itən kimi varrunun uşağı oturub samalyota hara istəsə uçacey. Bə sən hansı pılnən gedəceysən xaricə? Deməy sənün iki yolun var: ya erməni səni küriyib tökəcey Xəzərə, ya da sən ermənini çıxduği yerəcən qoub aparmalusan. Ən yaxşisi də ikinci yoldu. Budu ə, məşalla, heç tanimiyəm də, kimdü, kimlərdəndü, hanki kətdəndü, Allah saxlasun, həmmüz bax bu kişi kimi geyinib müharibəyə getməlüsüz. Başa düşdüz, hə, day dinmöün…İltifat, sür e, sür, başüə dönüm, axşam oldi”…
Mən sanki yuxudan ayıldım. Artıq Masallının Şıxlar kəndini keçib meşəliyə girmişdik. Yanımdakı xanıma üzrxahlıq, yaşlı kişiyə təşəkkür edəndə həm də bir az utandım. Amma bu utancaqlığın da hardan gəldiyini heç bilmədim. Nədən utandım, bilmədim…

Bəlkə də belə xoş xəyalların qarşılığında indi boynu bükük hala düşmənimiz idi məni utandıran, yoxsa başqa səbəblər var idi….Bax bunu bilmədim.

Bütün meşə yaşıl örpəyə bürünmüşdü. Bir zamanlar Xəlil Rza Ulutürkün “Rüstəmxanlı şəlaləsi” dediyi Təkdam şəbəkəsinə çatmışdıq. Avtobus saxladı. Günahlarımı yuyurmuşçasına düşüb üzümə su vurdum. Sanki baş verənlərin səbəbkarı mən idim. O xanım da yanımda idi. Mənə olan sual dolu baxışlarında həm heyrət var idi, həm mərhəmət. Həm məsumluq var idi, həm də qəzəb…Və həm də nifrətlə sevgi çulğalaşmışdı o baxışlarda…amma nə O, nə də mən adam kimi öz içinizdən keçənləri bəyan edə bilmirdik. Sözün düzü, mən artıq xəyallarımda kənddə idim – mənə doğma ikən yad görünən kənddə…

Xəyalımda gah doğmalarımla söhbət edir, gah tələbə yoldaşlarım olan Ostayırlı Vasiflə Çayüzüdən olan Familin yanına gedib ƏSGƏR paltarıında şeşəllənirdim…

Hətta bu arada Daşkənd başına qalxıb minillərin tarixinə şahidlik edən qədim Avarağı da seyr edirdim. Ayaq izlərimi Yardımlının bütün daşına, kəsəyinə köçürmək istəyirdim….

Kimsə “İltifat, burda saxla, şeyidə nəzir verim” deyəndə ayıldım ki, artıq mən Sırıq kəndindəyəm. Məktəbin yanında avtobusdan düşəndə o xanım mənə “döyüşdən qayıdanda xəstəxana tərəfə də fırlan, mənə döyüş xatirələrindən danış” dedi. Mən də “döyüşdən qayıdandan sonra istəsən toyuma çağıraram səni” dedim. Avtobus gözdən itənə qədər o mənə, mən də ona baxmışdım…

Əsgəri xidmətə yollananda da baxışların beləcə sonsuzluğa zillənmişdi, indi də belə oldu. Demək ki, “hələ məni qarşıda gözləyən var” deyə düşünüb birnəfəsə piyada kəndə çıxmağa qərar verdim. Bu, həm də cəbhədən öncə özümü dağ yolunda sınamaq idi. Hələ bilmirdim ki, yaxın günlərdə komandirim olacaq kəlbəcərlı balası Rəhman İsgəndərov da bizi Murovun zirvəsinə qalxanda bax elə belə sınayacaqmış…

QARA ÇARŞABLI QIZCIĞAZIN GÖZ YAŞLARI VƏ ONDAN DUYULAN OĞUL ƏTRİ

Vaxt az olduğundan kəndə tez qalxıb yaxınlarımın yanında bir az çox qalmaq istəyirdim. Bizə 3 gün vaxt verilmişdi ki, gedin doğmalarınızla görüşün. Mənim işim lap Allaha qalmışdı – Bakı ilə Yardımlı arasında vurnuxurdum. Təzə nişanlanmışdım deyə mənim həm də Bakı Həsrətim var idi…

Kəndə piyada qalxa-qalxa Bakı Həsrətimlə bağlı içimdə çəkdiklərimi, düşüncələrimi evdəkilərə necə anladacağım barədə götür-qoy edirdim. Bütün deyəcəklərim beynimdə bir nizam halındaydı. Artıq çıxış yolunu da tapmışdım. Bütün istəklərimi, bütün duyğularımı özümdən iki yaş böyük olan bacıma anlatacaqdım. Gerisi onluq idi…

Yoxuşu qalxdıqca gözümün önünə erməni əlində olan yurddaşlarım, onlara verilən işgəncə, onların məruz qaldıqları təhqirlərin fonunda Səriyyə Müslümqızının HARAYI gəlir, xəyallarımda özümü qisası obrazında görür, gah Qalib Əsgər, gah da Şəhid kimi zənn edirdim.

DÜŞÜNÜRDÜM Kİ, Şəhid olsam qara çarşablı bir qız qəbrimi ziyarət edib göz yaşlarıyla sinə daşımı yuyacaq.
DÜŞÜNÜRDÜM Kİ, o qəbirin olduğu məkan həm də nənəmlə, başqa doğmalarımla mənim Bakı Həsrətimin -nişanlımın görüş yeri olacaq.

DÜŞÜNÜRDÜM Kİ, nənəm öz balasının ətrini GƏLİNLİK libası geyməyən, duvaq üzünə həsrət qalan, əvəzində bir ömürlük qara çarşaba bürünməyə məhkum olan o nakam gəlinindən alacaq…
Bizə verilən o bir gün ərzində evdəkilərə həm də bunu anlatmalıydım…

“ERMƏNİ GÜNAHI” VƏ NƏNƏMİN GÖZ YAŞLARI

Söhbət yolun qayçısıymış. Məni içimdəki “mən”imlə söhbətimdən ayıran kəndin girişində üstümə cuman itlərin hürməsi oldu…
Kəndimə qayıtdım və artıq kəndimizə qayıtmışdım…

Həyətə girəndə məni ilk qarşılayan həmişəki kimi zindanın üstündə nəsə döyəcləyən rəhmətlik dədəmin baxışları oldu. Çiyninin üstündən ani olaraq mənə baxıb yenə də işinə davam etdı. Əvvəlcə tanımamışdı, sonra təzədən mənə baxıb “sən də amonçu olmusan?” deyə sual etdi. Səsə nənəm gəldi. O da əvvəlcə duruxdu. Sonra boynumu qucaqlayıb o üzümdən, bu üzümdən doyunca öpüb “Tapdığın oğlu özin kəndün qızdarinə göstərməgə gəlib diyəsən. Bacım dərhal müdaxilə edib “ay nənə, qağamun gül kimi nişannusu var Bakidə, özün kimə göstərəcey e? “Deyib o da boynuma sarıldı. Bir az keçəndən sonra bütün qohum əqrəba axışdı bizə. Mən də olub olacaqları anlatdım hər kəsə, “gəldim ki, sizlərlə vidalaşım” dedim. Elə deyəndə ” oğlan, səni Allah bəsdü e” deyən nənənin gözlərindən axan yaşı gördüm. Bacım ona ” ay nənə, sən nöş ağleysən e?” Deyib özü də bir bucağa çəkildi. Nənəm həmişəki kimi yenə də nədəsə dədəmi günahlandırıb ” Tapdığun gör heç vecinədü” deyəndə o da həmişəki cavabını verdi: “sizi and veriyəm Fatinün dədəsinün cəddinə, görün məndə günah var ki, bu Əsədün qızı genə düşdi mənim üstimə?”. Onda Qəzənfər qağam zarafatyana dedi ki, əmi günah nə səndədü, nə də başqasında. Günah ermənidədü ki, İgidi bu paltarı geyməyə məcbur eleyib….
Ortaya bir sükut çökdü….

Artıq hər kəsə hər şey bəlli idi….
Hər kəsin gözü sonsuzluğa zillənmişdi…

ARİF PAŞANIN TİMSALINDA BÜTÜN CƏBHƏÇİLƏRƏ NİFRƏT ETDİM

Bakı həsrətimlə bağlı duyğularımı da bacıma bildirmişdim. Və onu da bildirmişdim ki, Bakıda bizim qərargah var, döyüşçü ailələri həmin qərargah vasitəsilə öz doğmalarıyla əlaqə saxlaya biləcəklər: “Nəsə lazım olarsa onlarla əlaqə saxlaya bilərsiniz, axı onların məkan baxımından həmin qərargahla əlaqə saxlamaq imkanları daha böyükdür” demişdim bacıma…

Beləcə bir günü başa vurub yenidən Bakıya yola düşdüm. Dədəmlə nənəm hələ də inanmırdılar, hətta yola düşəndə belə həmişəki gedişimdə olduğu kimi mənimlə görüşdülər…

Şirin xəyalların qoynunda Bakıya çatdım. “Azneft”də düşüb qərargaha baş çəkdim.. Qərargahın giriş tərəfində dayanmışdım ki, gördüm bir UAZ markalı maşın dayandı. Maşının içindən hərbi geyimdə, belində pistolet, idmançı görkəmli şüvərək bir oğlan düşdü. Ağacın yanında 3-4 nəfər dayanmışdı. Həmin UAZ-dan düşən oğlan bu 3 nəfərə yaxınlaşıb onlardan birinə möhkəm şillə vurub sonra içəriyə, qərargaha keçdi. Onun kimliyini soruşanda “Laçın batalyonunun komandiri Arif Paşadır” dedilər.

Mən xalq hərəkatının əsas simalarından biri kimi Arif Paşanın adını eşitmişdim, ancaq özünü görməmişdim. İndi gördüm bu Adamı. Amma nə o adamın kim olduğunu bildim, nə də Arif Paşanın o adamı nədən ötrü şillələdiyinin nədənini bildim. Və həm də mən belə bir dönəmdə bir batalyon komandirinin Bakıya gəlib meydan sulamasını heç bəyənmədim. “Ermənilər Laçını alıb, bu da gəlib Bakıda qoçuluq edir” deyə düşünüb Arif Paşanın timsalında bütün cəbhəçilər nifrət etdim.

Qərargahda Maarifə yaxınlaşdım, mənə dedilər ki, get, sabah qərargaha gəl. Mən də buradan çıxıb öncə Qaraçuxura, oradan da Günəşliyə getdim…

“ERMƏNİ” KOMANDİRLƏR, RÖVŞƏN CAVADOVUN SEÇİMİ VƏ…

Dəqiq tarix yadımda olmasa da, səhv etmirəmsə, mayın əvvəlləri idi. Bizi hər gün qərargaha toplayır, əsgəri sıraya düşür, oradan da nə üçünsə elə hey Müdafiə Nazirliyinin qarşısına aparırdılar.
Komandirlər də tez-tez dəyişirdi, heç uşaqlardan onları tanıyan da yox idi. Bir eynəkli adam var idi, bizə təqdim etdilər ki, bu, sizin komandiriniz olacaq. O adamın verdiyi əmrlərdən, davranış tərzindən də hiss olunurdu ki, bu, döyüş adamı deyil. Üstündən iki gün keçməmiş gördük ki, bu adam da yoxa çıxdı. Dedilər ki, həmin adam erməni çıxıb. Sonra birini də gətirdilər. Onun da “anası erməni” çıxdı…

Bu arada bizi hələ Üçtəpəyə aparmamışdan qərargaha Rövşən Cavadov gəlmişdi.

Rövşən Cavadov uşaqları cərgəyə düzdürüb boyu 1 metr 75 santimetrdən çox olanların sovet ordusunda hansı hərbi hissədə xidmət etdiklərini soruşurdu. Kim ki, aviasiyada, desant hərbi birləşmələrində, dəniz və piyada qoşun hissələrində xidmət etmişdisə onları seçirdi. Onun dediyinə görə Azərbaycandan 50 nəfəri seçib Türkiyəyə göndərmək planı var. Bu 50 nəfərlik dəstə də Türkiyədə zabit kurslarına yönləndirilmək üçün xüsusi baxışdan keçiriləcək. Adlar qeyd olundu. Mən də o qrupun içində idim….

Adlar qeyd olunandan bir neçə gün keçmişdi ki, bizə dedilər ki, hazırlaşıb, gedirsiniz. Bilirəm ki, mayın axırları olardı. Bünyad Sərdarovdakı evlərdən birində yaşayan ağbirçək xanım toplaşdığımız həyətdəcə bizi bir-bir Quranın altından keçirdi. Sonra Axundov parkının yanında dayanan avtobuslara doluşduq. Onda mən elə bilirdim ki, birbaşa cəbhəyə yollanırıq. Çoxunun doğmaları onda yolasalma mərasimində iştirak edirdi. Heç kimə xəbər etməmişdim deyə qohum əqrəbadan orada heç kim yox idi. Beləcə maşınlar yola düşdü. DAŞQININ oxuduğu “Bəlkə bu yerlərə bir də gəlmədim” mahnısı indi də qulaqlarımdadı.
Bakıdan çıxandan sonra mən bildim ki, bizi Üçtəpəyə aparırlar…

GÜLƏ-GÜLƏ EDİLƏN VƏSİYYƏT

Üçtəpədə bizi kazarmaya yerləşdirib əsgəri qaydalarla yaşamağı təlqin edirdilər. O zaman könüllülər müəyyən mənada bundan narazı olsalar da, ancaq barışmaq məcburiyyətində idik. Səhv etmirəmsə orada da bir dəfə bizim komandir dəyişdirildi. Gündəlik müntəzəm məşqlər gedirdi…

Günün birində qohumlardan səhv etmirəmsə, Rəhman Üçtəpəyə gəlib mənim üçün bir günlük icazə aldı. Müşfiqabada getdik. Evə çatanda gördüm ki, qohumlar oradadılar. Orada olduğum gün mənim üçün göydəndüşmə oldu. Gülə-gülə VƏSİYYƏTİMİ edirdim. Şəhər Üçtəpəyə qayıtdım. Yenə də eyni rejimlə günümüzü keçirirdik. İdman və güllə atıcılığı, təlimlərlə başımız qarışdırılırdı. Uşaqlarsa döyüş tələb edirdilər. Hətta bir dəfə birimizi tökmək üçün Sumqayıta dənizə də yollandıq. Qayıdanda yolda ziyalı görkəmdə, əlində papka olan Gəncəli də bizimlə qarşılaşdı. Qərargahdan mən onun adını eşitsəm də, mən Gəncəlini görməmişdim. Uşaqlar “Laçın batalyonunun formalaşmasına, yaranmasına pul buraxan budur, milyonerin biridi, özü də “Molla Nəsrəddin” jurnalı buraxır” deyib onu mənə tanıdırdılar. Mən də özlüyümdə jurnalla necə milyoner olmaq olar düşünürdüm…

ÇAYKƏNDDƏN MUROVA QALXAN YOLDA İLK SINAQ

Bu arada yenə də bizi evə buraxdılar ki, gedin sağollaşın. Bu dəfə mən kəndə gedə bilmədim, sadəcə qohumlarımla görüşə bildim…

Dəqiq tarixi unutmuşam. İyunun əvvəlləri olardı. Bizi yenə də avtobuslara doldurub Üçtəpədən döyüş bölgəsinə yola saldılar. Yol boyu yenə də “Bəlkə bu yerlərə bir də gəlmədim” mahnısı…kimiinin buna iradı…kimiinin buna təkidiylə yolu “qayçılayırdıq”….

Maşınlar Çaykənddə dayandı…” Sürücülər “buradan o tərəfə bizik deyil” dedilər. Orada bir az dincələndən sonra piyada yola düzəldik. Bunun niyə belə edildiyini anlamadım. Və həm də sevindim. Dağ uşağı olduğumdan bu yoxuşu qət etmək mənə su içimi kimi görünürdü. Həvəslə yuxarı qalxırdım. Yolboyu uşaqları ötüb keçdikcə hərə bir söz deyirdi. Hətta bəziləri “elə belə edirsiniz ki, bunların da ayağı yer alıb bizi piyada aparırlar da” deyə mənimkimilərə bir az da nifrətlə baxırdılar. Çox sonralardan biləcəkdim ki, bu, komandirimiz Rəhmanın ilk sınağı olub.

Murovun zirvəsinə uzanan yolda rastlaşdığımız mənzərələr bizə çox şeyləri deyirdi. Bir-birini əvəzləyən qoyun sürülərini qabağına qatıb gətirən mülki əhali Laçına doğru gedən əsgərləri salamlayır, bizi piyada apardıqlarına görə hərbi və siyasi rəhbərliyi söyüşə, qarğış “qonaq” edirdilər. Bir xeyli yuxarı qalxandan sonra bizə dedilər ki, kamaz və zil maşınlarına minin. Yuxarı qalxdıqca Murovun sərt üzünü, sıldırım dağları görən şəhər uşaqları maşının içinə otururdular. Yolun ətrafında elə yerlər var idi ki, 2-3 metr uzunluqda buzlar sallanırdı. Yarıya qədər qalxmışdıq ki, Murovun başını ağ örpəyə bürünən gördük.

Maşın zirvənin başından üzü aşağı enəndə uşaqların tam əksəriyyəti başıaşağı gələn maşında oturmaqdan vaz keçib piyada enməyə üstünlük verdilər…

BƏXTİYAR CAVADOVUN ZÜLFÜQARLI, BİZİM QILINCLI SƏFƏRİMİZDƏKİ MÜƏMMA

Kəlbəcərin füsunkar gözəlliyi adamı özünə valeh edirdi. O kəndlərin insanları bizi gördükdə sanki alınlarının qırışı açılırdı. O baxışlar adamda qürur hissi oyadırdı….
Bizi Zülfüqarlı kəndinə gətirib məktəb binasında yerləşdirdilər. Əgər buna da “yerləşdirmə” demək mümkünsə. Hərə bir yerdə özünə sığınacaq tapdı. Mən də döşəməsi çürüyüb gedən idman zalında nəmişkən bir idman döşəyinin üstündə özümə yer elədim. Bizi Zülfüqarlıda bir neçə gün saxladılar. Ancaq niyə saxlayırdılar, bizə bəlli deyildi. Əsgər üçün verilən quru yeməklərimizdən yeyirdik. ..

Mən günün birində Laçının ağsaqqallarından olan Bəxtiyar Cavadovu orada gördüm. 3-4 nəfər tanımadığım adam da var idi yanında. Rövşən Cavadovun atasıgil ora niyə gəlmişdilər və gəlib hansı məsələni çözdülər, heç indiyə kimi olsa da, bu, mənə bəlli deyil…

Arada yuyunmaq üçün bizi İstisuya da apardılar.

Zülfüqarlıda bir neçə gün qalsaq da bizə silah verilmirdi. Uşaqlar buna görə narazılıq etdilər ki, bəs biz döyüşməyə gəlmişik, nədən bizi burada saxlayıb silah vermirlər? Belə narazılıq yarananda qərara gəlindi ki, piyada da olsa 701 nömrəli briqadanın qərargahının yerləşdiyi Qılıncla kəndinə gedək. Və belə də oldu. Biz tunelə çatanda qarşımızı UAZ markalı maşın kəsdi. Onda mən sifətdən heç kimi tanımırdım. Maşından bir polkovnik düşdü, yanında əlavə maşın və başqa zabitlər də var idi. Dedilər ki, bu, briqadanın komandiri polkovnik ZADİR (o zaman biz onu Zaur kimi tanıyırdıq) Rzayevdir. Bu polkovnik əvvəlcə gah rusca, gah azəri türkcəsində əsib covurdu. Bir zabitin könüllülərlə bu tərzdə danışması uşaqlar tərəfindən də sərt qarşılandı. Danışıqlar tədricən yumşaq məcraya keçəndən sonra qərar verildi ki, hamı qərargaha getməli və orada silahlar paylanılmalıdır. Belə də oldu. Əsgəri xidmətdə qranatamyotçu olduğumu bilib mənə qranatamyot verdilər..
Təzədən səhv etmirəmsə, biz Zülfüqarlıya qayıtdıq. Və oradan da maşınlara minib Laçın rayonunun şimal istiqamətinə doğru yola düşdük. Yol boyu dağların yuxarı yamaclarında ot biçən kəbəcərlilər bizə əl edib uğurlu yol, qələbə arzulayırdılar…

VƏ BİZ QORÇU KƏNDİNƏ GƏLDİK

Və nəhayət biz Kəbəcəri adlayıb LAÇIN ərazisinə şimal istiqamətdən daxil olduq. Qorçu kəndinə gəldik.
Ilk olaraq rastlaşdığım səhnə heç zaman yadımdan çıxmayacaq…

 

III HİSSƏ

 

“Bir itin yurda, bir itin itə olan sevgisi paytaxt Bakıda görünmürdü”

 

…Bilmirəm məktəb, yoxsa tibb məntəqəsi idi, biz Qorçuya gəlişimizdə ora yerləşdik. Bizdən aşağı hissədə də uşaqlar evlərdə yerləşmişdilər. Kimsə “omon”çulardan, yoxsa milis qüvvələrindən də bir qrupun burada olduğunu dedi…

 

“Amonçu” ifadəsini eşidəndə nənəmin mənə dediyi “sən də AMON-çu olmusan” sualı yadıma düşdü və sözün düzü bir az qəhərləndim də. Çünki hansısa fitnənin ucbatından sonucu faciə ilə nəticələnən “amonçular”ın taleləri gözümün önünə gəldi. Və bu, həmin “amonçu” idi ki, hələ ötən əsrin 90-cı illərində ermənilərlə sülh danışıqlarına ancaq və ancaq bu terroristlərin Nürnberq məhkəməsi timsalında haqqın divanına çəkiləndən, bütün Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra onlarla sülh danışıqlarının mümkünlüyündən danışırdı. Amma indi biz Qorçuya gələndə Azərbaycan tərəfi hələ ki, Ermənistan qarşısında mağmun bir durumdaydı…

 

Bizim birinci rotadan olan 42 yaşlı Nəriman kişiylə kənara çəkilib ətrafda görünən kəndlər haqqında bilgi almağa çalışırdım. O da özünə daha doğma olan Oğuldərə, Şəlvə istiqamətində əlini qarşı tərəfə uzadıb həsrətlə danışırdı. Nəriman kişi “indi biz Laçının kəndlərindən çooox, özü də lap çox uzaqlarda özümüzə yurd salıb, Özümüzdən uzaqlaşmışıq” deyirdi…

 

O zaman gerçəkdən kəndimizə qayıdan özümüzü siyasət dəllalları, o zamankı başbilənlərimiz görməzliyə vururdular.

 

ONDA “başbilənlər, ağsaqqallar Bakıda Qazaxıstandan Laçına köçürüləcək 200 mindən artıq kürdün taleyi haqqında proje ətrafında baş sındırırdılar”, bizsə döyüşə atılmaq istəyirdik!

ONDA 713 saylı hərbi hissəyə qarşı birbaşa əzəlindən Müdafiə Nazirliyi səviyyəsində hansısa laqeydlik hökm sürməkdə idi, bizsə heç nəyə baxmadan döyüşə atılmaq istəyirdik!

 

ONDA o zamankı müdafiə naziri Rəhim Qazıyev analitik informasiya sisteminə rəhbərliyi erməni simpatizanı Leyla Yunusa tapşırıb hörümçək torunun qurulmasından xəbərsiz kimi davranırdı, bizsə döyüşə atılmaq istəyirdik!

 

Bütün bunlara baxmayaraq baş verənlərin fonunda döyüşə atılan 713-cü hərbi hissənin şəxsi heyətinə daxil olan hər bir döyüşçüdə vətən, yurd sevgisi, mətinlik, əzmkarlıq sezilməkdə idi…

 

Nərimanla üzüaşağıda evə sarı düşəndə qarşımıza bir it çıxdı. İt az qalırdı ki, dil açıb bizimlə danışa. Qınamayın məni, hətta mənə elə gəldi ki, o itin gözlərindən yaş da axırdı. Bu it bizə yaxınlaşıb başımıza fırlanır, sonra üzüaşağı baş alıb qaça –qaça bərkdən hürür, torpaqlarımızı işğal edən erməniyə sanki, “gəldi bu yurdun sahibləri, oğraşlar!” deyə haray çəkirdi. Aşağı həyətə baxanda başqa bir itin elə zəncirdəcə acından öldüyünü gördük. Çox təsirli mənzərə idi. Mən orada bir itin yurda, bir itin itə olan sevgisinin canlı şahidinə çevrilib qapalı bir dünyanın adamına çevrilmişdim. Nərimanın nələr danışdığından da xəbərsiz idim. Bu anda xəyallarım məni yenə də Bakıya aparmışdı. Xəyallarımda vəzifə uğrunda, bir qarın çörək uğrunda bir-birini didib parçalayan Azərbaycan İnsanında bir itin yurda, bir itin itə olan sevgisi görünmürdü. Bakıda kreslo uğrunda dava getdiyi bir halda o it yurduna sahib çıxmışdı, ac qalmışdı, ancaq öz həmcinsinə toxunmamış, bir qarın doyumluq üçün onu didib parçalamamışdı. Oxşatması qüsurlu olsa belə demək zorundayam ki, ancaq o dönəmdə Azərbaycan İnsanının böyük bir kəsimi bir-birini didib parçalamaqda idi…

“Erməniylə qarşılaşacağım anı gözləyir, qisasçı obrazımı ona təqdim edəcəkdim”

 

O dönəmdə şəxsən məndə 811 saylı Laçın özünümüdafiə batalyonunun hansı mövqedə olmasıyla bağlı heç bir informasiya yox idi. Uşaların ara-sıra danışıqlarından onu bilirdim ki, artıq bu batalyon ləğv edilib, amma niyəsini bilmirdim.

 

Açığı məni düşündürən heç də Arif Paşanın batalyonunun taleyi, eləcə də digər məqamlar deyildi. Mən həsrətlə erməniylə qarşılaşacağım və bizə yaşatdıqlarına görə öz qisasçı obrazımın məziyyətlərini ona təqdim edəcəyim anı gözləyirdim. Və hətta elə bilirdim ki, o qarşılaşacağım erməni elə sovet ordusunda xidmət edəndə məni söyən Danielyan olacaq. Bax onda mən də sıradan bir əsgər olaraq avropalılar demişkən, türk əsgərinin döyüşdə şimşək kimi çaxmağını, quş kimi uçmağını ona göstərəcəkdim. Amma bilmirdim ki, Laçın müəmması hələ çöx su aparacaq! Bilmirdim ki, Laçın ətrafında hələ çox oyunlar oynanılacaq…

 

Biz Qorçudan Şamkənd istiqamətinə irəliləyəndə nədənsə hərbi hissəmizi tək hiss edirdim, bizə dayaq duracaq qüvvələri görmürdüm. Sadəcə olaraq, çüvərək, cavan bir oğlan olan komandirimiz Rəhman İsgəndərovun sırf  hərbçilərə xas danışığı, hərəkət tərzləri, məsələlərə münasibətdə aydın və dəqiq qərar çıxarma qabiliyyəti adamda ruh yüksəkliyi yaradır, qarşıda gözlənilən çətinliklər heç adamın vecinə də gəlmirdi. Üstəlik mənim içimdə illərdi ki, içimdə bəslədiyim bir Laçın sevgisi də var idi və artıq mən o sevgimə qovuşmuşdum. Türklər demişkən, bundan sonra nə olacaqdısa, dünya mənə vız gəlirdi…

“Komandir kimi Rəhman İsgəndərovun potensialı döyüşçülərə stimul verirdi”

 

Sözün düzü, o illərlə bağlı mənim yaddaşımda dəqiq tarixlər və keçirilən əməliyyatlardakı ardıcıllıq tam yadımda qalmasa da, amma keçilən yolun ümumi konturları düşüncələrimə həkk olunub. Bununla bağlı söyləntilərimdə  ardıcıllıq pozulsa belə, sözarası onu qeyd edim ki, mən Bakıdan çıxdığımız gündən ta Pircahana qədər olanları ayrıca bir gündəliyə yazırdım. Pircahandan bizi çıxarıb Ağdərəyə aparanda az müddətdən sonra geri qayıdacağımızı bildirdilər. Həmin gündəliyi də də o zaman Pircahanda qoydum və elə həmin gündəlik orada da qaldı…

 

Biz Qorçunun üstündəki təpəliklərə qalxanda üzüaşağıda görünən Şamkənd istiqamətində qarşımızda çox geniş bir mənzərə açıldı. Bizi aparan maşın üzüaşağı şütüdükcə ətrafa göz gəzdirir, elə bilirdim ki, bax elə bu dəqiqə bizi gülləbaran edəcəklər. Düzdür, bizdən qabaqda kəşfiyyat qrupu getsə də, amma aşağı endikcə ətrafımızda ucalan zirvələrin başında kimlərin olmasından da xəbərsiz idik. Komandir heyətini deyə bilmərəm, ancaq sıravi döyüşçülər arasında istiqamət götürdüyümüz koordinatlar barədə hələ ki, bizdə geniş informativ baza yox idi.

 

Sözün düzü onda heç mən hərbi hissəmizə daxil olan rotalar haqqında da hansısa bilgiyə sahib deyildim. Tanıdığım 10-15 nəfər uşaq idi. Özlüyümdə fikirləşirdim ki, döyüşlərin gedişatında onsuz da bir-birimizi tanıyacağıq. Komandir kimi sadəcə olaraq, bir Rəhman İsgəndərovu gözüm görürdü. Bu da onun daim hərbçilərə məxsus davranış tərziylə bağlı idi. Könüllü ordu birləşmələri arasında bunun özü də nadir məqamlardan biri idi. Heç bir kriteriyalar üzrə əsil hərbçiyə oxşar olmayan kəslərin o zaman könüllü birləşmələrin başına gətirilməsi və idarəetmədə yol verilən səhvlər artıq hətta cəmiyyətin özünə də bəlli idi. Belə bir vaxtda bizim bəxtimizə hərbi təhsil almış gənc bir kadrın rotamıza komandir təyin edilməsi döyüşçülər üçün əlavə stimul idi…

 

Şamkənddəki təsadüf, yoxsa “erməniyə verilən işarə”?

 

Amma o da yadımdadır ki, Qorçuda olanda Rəhman İsgəndərov bizi sıraya düzüb kiməsə raport verirdi.  Onda heç kimin hansı rotadan olduğunu belə bilmirdim…

 

Biz Şamkənddə olanda ehtiyatsızlıq üzündən kiminsə silahından bir dəfə atəş də açıldı. O bircə atəş uşaqlar tərəfindən də qəzəblə qarşılandı və hətta bəzi uşaqlar bir az da radikal şəkildə öz fikirlərini bəyan edərək bunu “erməniyə verilən işarə” kimi də dəyərləndirdilər.

 

Komandirimizin göstərişiylə bir qrup Şamkənddə qaldı. O qrupun içərisində Cabbar da var idi. Sözün düzü mən Cabbarın orada qalmasından bir az təəssfləndim də. Cabbar Üçtəpədən yadımda qalmışdı. Yaxşı birnəfəsə qaçmağı da var idi. Səhər idmanlarında bizimlə bir yerdə olar, kiminsə “saçokluq” etməsinə imkan verməzdi.

 

Çormana doğru və Çormanda boş, qarət olunmuş evlərin “danışdıqları”

 

Qalan qüvvələr Çormana doğru irəliləməyə başladı. Meşənin içiylə qruplar halında bir xeyli piyada getdik. Hər ehtimala qarşı ehtiyatsızlıq ucbatından açılan atəşin bizi ermənilərə hədəf kimi göstərəcəyini nəzərə alaraq komandirimizin göstərişiylə ara məsafələrlə irəliləyirdik. Beləcə Çormana gəlib çıxdıq. Biz Çormanda haradasa bir həftə qaldıq. Bu arada Şamkənddə olan qüvvələrlə hansısa atışmanın olduğunu eşitsəm də, ama sonradan orada nə baş verdiyini  özüm üçün dəqiqləşdirə bilmədim.

 

Biz Çormana gələndə baxmayaraq ki, öncədən kəşfiyyat gəlmişdi, yenə də ayrı-ayrılıqda evləri yoxladıq. Heç bir erməniyə rast gəlmədik. Evləri yoxladıqca özü-özümə fikirləşirdim ki, əcəba, əgər bu kəndlərdə biz iyun ayında erməniyə rast gəlmiriksə, onda nədən aprelin sonundan bütün Laçın əhalisi yurdundan yuvasından didərgin salınıb və bunu kimlər edib!? Axı aprelin axırlarında artıq laçınlılar bu rayona göndərilən “300-dən çox yük maşınıyla” öz dədə baba yurdlarından çıxarılmışdılar. Gör erməni 18 mayda Laçın rayonunun mərkəzində olubsa, onda rayonun ucqar şimalında yerləşən Qorçuya nə vaxt gəlib çıxıb və bu erməni hanı!?..

 

Kəndin evlərinin içində baş verənlərə nəzər yetirəndə burada dəhşətli qarətin baş verdiyinin konturları apaydın görünməkdə idi. Bununla bağlı döyüşçülər hərəsi bir fikir söyləyirdi. Kimisi Bakıda oturanları, kimisi erməniləri, kimisi də özünümüdafiə batalyonunda olan cəbhəçiləri söyürdülər…

 

Sərrast atəş və ikiyə bölünən ağac

 

Kəndə gələndən sonra komandirimiz Rəhman İsgəndərov kəndin dörd bir yanını gəzmiş, lazımi koordinatları müəyyənləşdirmişdi. Və çox keçmədi ki, konkret olaraq ayrı-ayrı qruplara qoruyacaqları postun yeri göstərildi.

 

Mənim duracağım post kəndə gələn əsas yolun üstündə idi. Sözün düzü postu qurduğumuz yerin o qədər də əlverişli olmaması mənim ürəyimcə deyildi. Çünki gələn yol meşənin içindən keçəndən sonra sərt döngədən sonra birbaşa bizim postla üzbəüz çıxırdı. Həmin döngə ilə bizim postumuz arasında çox az bir məsafə var idi. Mənə qumbaraatanla bərabər avtomat da verilmişdi. Özüm də sovet ordusunda qumbaraatan olmuşdum. Hədəfi zərərsizləşdirmə gücünə, həm də ondan atəş açan döyüşçünü daha çox və daha tez təhlükəyə salacağı baxımından qumbaratanın atıcı silahlar arasında yeri belə demək mümkünsə, “əvəzedilməz”dir. Çünki, qumbaraatanın düşmənlə ara məsafəsi daha yaxın olmalıdır ki, məsafə 500 metrəni keçəndən sonra atılan mərmi öz effektini itirməsin.

 

Bizim qurduğumuz postla kəndə hücum edəcək texnikanın arasını həmin döngənin əsasında götürəsi olsaydıq, orada heç 10 metr məsafə yox idi. Əgər belə bir hal baş versəydi, hətta düşmən tankı vurulsaydı belə partlayışdan və qəlpələrdən bizim postda dayanan uşaqların özləri də xəsarət alacaqdılar. Digər bir tərəfdən, əgər yenə də elə bir hal baş versəydi və mən elə oturduğum yerdən atəş açsaydım, yenə də mənim yanımda olan döyüşçülərdən xəsarət alan olacaqdı. Komandirimiz Rəhman İsgəndərov da bütün bunları diqqətdən qaçırmamış və mənə göstəriş verilmişdi ki, belə hücum olacaqdısa sağ və sol cinahların məlumatları və veriləcək əmr əsasında mən ön tərəfə çıxmalı, döngədən yolun sağ istiqamətinə qalxıb özüm üçün münasib yer seçib atəş açmalı idim. Belə olan halda açılan atəş həm daha dəqiq olacaq, həm də nə partlayışdan, nə də atılan mərminin dalğasından, alovundan bizim döyüşçülərə heç bir xəsarət dəyməyəcəkdi.

 

Rəhman İsgəndərovun qeyd etdiyi bu tapşırıqlara qulaq asdıqca xəyallarım məni yenə də Uzaq Şərqə aparır, vaxtilə orada təlim zonasında eşitdiklərim indi komandirimizin diliylə mənə bəyan edilirdi. Bütün bunları sovet ordusunda xidmət  etdiyim zamandan da bilirdim. İndi də komandirimiz Rəhman İsgəndərov bunları mənə xatırladırdı…

 

Bizim rotada doğrudan da, hərbi nizam intizama çox gözəl riayət olunurdu. Heç elə bil könüllü əsgər deyildik. Elə komandirimizlə olan isti münasibət də o baryerləri aşmış, o deyimdə olduğu kimi birinci rotada “slujba slujba, drujba drujba” idi…

 

Axşamı posta çıxdıq. Sakitlik idi. Gecəni səhərə kimi durduğumuz postda çay daşlarından toplayıb qarşı tərəfimizdə yarım metrdən hündür sədlər düzəltmişdik. Yatmağımız, durmağımız, postlara çıxmağımız və sair kimi hərəkətlərimizin hər biri hərbi qaydalar çərçivəsində gerçəkləşirdi. Çormanda olanda qumbaraatandan necə istifadə etmək bacarığımız da yoxlanıldı. Səhv etmirəmsə, o zaman briqadadan da hansısa yüksək rütbəli zabit var idi orada. Bizdən sağ tərəfdə olan meşəlikdə bir tala var idi. Həmin zabit o talaya atəş açmağı nişan verdi. Mən də ədəbazcasına “siz mənə hansısa ağacı nişan verin, talanı yox” deyə cavab verdim. Çox yaxın bir məsafə idi və tam sakit bir hava idi. Yəni açılacaq atəşdə heç külək faktorunu da nəzərə almaq lazım olmayacaqdı, sadəcə olaraq nişangahı qaldırıb, ara məsafəni müəyyənləşdirdikdən sonra sərrast bir atəş lazım idi. Və o atəş açıldı da. Həmin zabitin həm də bir az ikrahla vurğuladığı ağacı açdığım atəşlə ikiyə bölmüşdüm. Bu andakı yaşantılarım mənə illər öncəsi əsgəri xidmət müddətimdə mənə zülm edən, sonradan dostlaşan Belokonenko və bir də mənə qumbaraatandan atəş açmağı öyrədən erməni Lalayanı xatırlatdı. O zabitin “malades” kəlməsi məni öz xatirələrimdən ayırdı…

 

“Postdan yanlış xəbər verilmişdi”

 

Bilmirəm ayın neçəsi idi. Bircə o yadımdadı ki, hələ ki, biz Çormandaydıq. Axşam sol cinahdakı dağda olan yuxarı postdan xəbər gəlmişdi ki, bəs ermənilər böyük bir kalonla kəndə yaxınlaşır. Hər kəs döyüş mövqeyi tutdu. Mən də başqaları kimi öz postumuza gedib silah sursatımla döyüşə hazır vəziyyətdə dayanmışdım. Komandirimizin bizə hücum olacağı anda tutacağım mövqeyə keçdim. Bilmirəm uşaqlardan kim idi. O da kəndə girən yoldakı döngəyə gəlib yuxarı qalxdı ki, o istiqamətdən gələ biləcək qüvvələrə qarşı durmaq bizim üçün asan olsun. Bir az da qabağa gedəndən sonra uzaqda doğrudan da kalon halında maşınların gəlməsi görünürdü. Bir az baxıb geri qayıtdım. Sonra uşaqlar amısı o karvanı izlədi. Laçınlı uşaqlar “o karvanın bu istiqamətdə gəlmədiyini bildirdilər. Amma istənilən halda biz artıq döyüşə tam hazır vəziyyətdə idik.

Sonradan məlum oldu ki, gecənin qaranlığında projektorların işığı yuxarı postda dayanan uşaqların yanlış nəticə çıxarmalarına səbəb olub. Amma bütün bunlara baxmayaraq biz hamımız səhərə kimi postlarda dayanıb mövqelərimizin möhkəmləndirilməsilə məşğul olduq. Səhərisi günü kəndin içindən keçən dərədən axan su ilə yaxşıca yuyunub, paltarlarımızı qaynadıb təmizlik işləri apardıq.

 

“Fərraş istiqamətdə kəşfiyyat aparmaq üçün yola düşdük”

 

Çormanda neçə gün qalmağımız yadımda olmasa da, amma bu, haradasa iyun ayının ikinci ongünlüyünün axırları olardı. Komandirimiz Rəhman İsgəndərov hər gün bütün istiqamətlərdə özü şəxsən müşahidələr aparır, yerli uşaqlardan qarşıdakı kəndlər haqqında bilgilər alırdı. Ştaba yolumuz düşəndə də onun özü üçün müəyyənləşdirdiyi  koordinatlar üzərində iş apardığını görürdük.

Səhv etmirəmsə, iyun ayının üçüncü ongünlüyü olardı. Komandirimiz baş leytenant Rəhman İsgəndərov bildirdi ki, Fərraş kəndinə kəşfiyyata getməliyik. İsgəndərov kəşfiyyata gedəcək uşaqları özü müəyyənləşdirdi. Komandirimizin rəhbərliyilə 7 nəfərdən ibarət bir qrup müəyyənləşdirildi. Mən də o qrupun üzvlərindən biri idim. Qrupun üzvlərindən adları yadımda qalanlar bunlar idi:  komandirimizin özü, Qəşəm, Nəriman kişi, “Qəqəni” dediyimiz Üzeyir, mən və daha iki nəfər.

 

Ara məsafələr saxlanılmaqla biz Fərraş istiqamətində yola düşdük…

 

(ardı var)

İGİD TEYNURLU

milletinsesi.az

 

Share: