“Neftçi”də hər şey məni qane edir” – Sessi D`Almeyda

“Neftçi”də hər şey məni qane edir” – Sessi D`Almeyda

“Neftçi”nin yarımmüdafiəçisi Sessi D`Almeydanın QOL.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 31-ci turunda “Şamaxı”nı 3:0 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

 

 

– Yaxşı oyun alındı. Matça fəal başladıq. Erkən qol vurmağa müvəffəq olduq. Qoldan sonra da üstünlük bizim tərəfimizdə idi. Ümumiyyətlə, ilk dəqiqədən sona qədər oyuna nəzarət bizim tərəfimizdə idi. İkinci hissədə daha iki dəfə fərqləndik. Bizim üçün vacib qələbə idi. İndi son 2 turu düşünməliyik.

– Demək olar ki, erkən qol vurmağınız işinizi daha da asanlaşdırdı?

– Təbii ki, erkən qol vurmağımız oyunumuza müsbət təsir etdi. Belədə özünəinam daha da artır.

– Əvvəlki 2 oyunda “Şamaxı”nı məğlub edə bilməmişdiniz. Bu dəfə belə asan qələbə qazanmağınızı nə ilə bağlamaq olar?

– İkinci dövrədəki matçı yəqin ki, siz də xatırlayırsınız. Qələbəyə çox yaxın idik. Lakin indi həmin anları xatırlamaq nəyisə dəyişməyəcək. Son zamanlar komandamız yaxşı formadadır. Hər qələbə özünəinamı daha da artırır.

– Artıq “Zirə” ilə xal fərqiniz 3-dür. Bu üstünlüyü sona kimi qorumaq mümkün olacaq? 

– Son 2 tur qalıb. Məqsədimiz mövsümü uğurla başa vurmaqdır. İndi turnir cədvəlinə çox da fikir vermirik. Qarşıdakı iki matçda da qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirik.

– “Neftçi”nin avrokuboklara yollanmaq şansını necə dəyərləndirirsiniz?

– Əlbəttə, avrokuboklara yollanmağı çox istəyirik. Məqsədimiz budur. Biz öz üzərimizə düşəni maksimum dərəcədə yerinə yetiririk. Lakin təəssüf ki, avrokuboklara getməyimiz tək özümüzdən asılı deyil.

– Yəni kubokun finalında “Sabah”a azarkeşlik edəcəksiniz…

– Təbii ki (gülür). Rəqiblərə hörmətlə yanaşırıq. Amma “yox” desəm, yalan olar.

– Artıq indidən özünüz üçün növbəti mövsümün planlarını cızmısınız?

– Hər hansı dəyişiklik olmayacaq. “Neftçi” ilə hələ daha bir illik müqaviləm var. Burada məni hər şey qane edir. Yeni mövsümdə də komandamın uğurları üçün əlimdən gələni edəcəyəm.

Share: