Azərbaycanda necə nəfər koronavirusa yoluxub?

Ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 6-ya çatdı, 500-ə yaxın şəxs karantinə alınıb, onlardan 276 nəfər İrandan gəlib,  Çində və İranda ölənlərin sayı isə artır

İrandan Azərbaycana gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan bildirilib.

Həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.

Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Göründüyü kimi, Azərbaycana koronavirus yalnız İrandan gəlir. Bununla 6 nəfərin koronavirus olduğu təsdiqləndi.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın sözlərinə görə, hazırda 500-ə yaxın şəxs karantindədir.

Azərbaycanda daha 3 nəfər korona ile ilgili görsel sonucu

O əlavə edib ki, sərhədlərdə məhdudlaşdırılmış rejim tətbiq olunduqdan sonra 276 nəfər xüsusi dəhliz vasitəsilə İrandan Azərbaycana keçib. Onlar nəzərdə tutulmuş tədbirlər çərçivəsində müayinə olunaraq karantinə alınıb.

Y.Qarayeva qeyd edib ki, ölkədə koronavirus yoluxmasını müəyyən etmək üçün kifayət sayda test vasitəsi var. TƏBİB rəsmisi qeyd edib ki, məktəblərdə tədrisin dayandırılması qabaqlayıcı tədbirdir:

“Tövsiyə edərdik ki, valideynlər uşaqlarını bu müddət ərzində qapalı, kütləvi insanların olduğu məkanlara aparmasınlar”.

TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun üzvü Vasif Əliyev isə bildirib ki, həmin şəxslərdən laborator analizlər alınıb: “Hələ ki onların heç birində virus aşkar olunmayıb. Onların əksəriyyəti Azərbaycan vətəndaşıdır”.

Ölkənin baş infeksionisti Cəlal İsayev isə bildirib ki, koronavirusun (COVID-19) pulla keçmək ehtimalı yoxdur. C.İsayev qeyd edib ki, virusdan qorunmaq üçün əlləri 20 saniyə ərzində sabunla yumaq vacibdir.

Cəlal İsayev ile ilgili görsel sonucu

Bundan əlavə, o, Bakıda koronavirusla bağlı ixtisaslaşmış mərkəzlərin yaradılacağı sualını da cavablandırıb.

Bildirib ki, insanlarda xüsusi alqoritmlər yoxlanacaq. Lazım gəlsə və xəstəlik aşkar olunarsa, həmin şəxslər karantinə alınıb, müalicə olunacaqlar.

Bu arada Nazirlər Kabineti yanında operativ Qərargah və Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə, son günlər bəzi KİV-lərdə və sosial şəbəkələrdə narahatlığa səbəb olmaqla cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən qərəzli olaraq guya “COVID-19″ adlanan virus və ya koronavirus epidemiyasına yoluxmuş şəxsin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) vəfat etməsi ilə bağlı səs yazısı yayılıb.

Belə ki, 1994-cü il təvəllüdlü paytaxt sakini Nəzakət Ramazanovanın fevralın 29-da 3 saylı şəhər Klinik Xəstəxanasında ağciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi faktı ilə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Nəzakət Ramazanovanın ile ilgili görsel sonucu

N.Ramazanovanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək onun meyiti xarici və daxili müayinə olunub. Mərhumdan müayinə üçün götürülmüş nümunələrdə hər hansı bir infeksion xəstəlik aşkar edilməyib.

Koronavirus bəlası ilə bağlı ölkəmizin xaricinə gəlincə, Çində prokurorluq orqanları tərəfindən 6 min 428 cinayət işi başlanılıb.

Şübhəli şəxs qismində 8 min 595 nəfər cəlb olunub. Onlardan 1826 nəfəri haqqında həbs-qətl imkan tədbiri seçilməsi barədə qərar verilib.

Bildirilir ki, sözügedən cinayət işləri virusun yayılmasına qarşı qabaqlayıcı və nəzarət tədbirlərini pozmaq, dövlət qurumlarının işinə mane olmaq, saxta məhsullar istehsalı və satışı ilə bağlıdır.

Bu ölkədə koronavirusa yoluxanların sayı 80 mini ötüb. Bu virus səbəbindən Çində ölənlərin sayı isə 2 min 984 nəfərə çatıb.

İranda isə daha 15 nəfər virusun qurbanı olub. Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 107 nəfər olduğunu açıqlayıb.

Nəzakət Ramazanovanın ile ilgili görsel sonucu

O bildirib ki, daha 591 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 3 513 nəfərə çatıb. K.Cahanpur həmçinin 739 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Gürcüstanda koronavirusa yoluxanların sayı 4-ə çatıb. Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyi ki, yoluxan şəxs İtaliyadan gəlib.

Bundan başqa, İsveçrədə ilk koronavirusdan ölüm hadisəsi qeydə alınıb. Ölən 74 yaşlı qadındır.

İndoneziyada koronavirusa yoluxan xəstələr 1979-1996-cı illərdə Vyetnam qaçqınlarının saxlanıldığı düşərgəyə göndərilir. Virusa yoluxmuş xəstələrin göndərildiyi düşərgə Qala adasında yerləşir.

Həmin adada 1979-1996-cı ildə qaçqınlar üçün istifadə edilmiş binalar var və bina təmiz su və elektrik enerjisi ilə təchiz olunur. Ölkə rəsmiləri bildirib ki, düşərgə həm karantin mərkəzi kimi, həm də xəstələrin müalicəsi üçün istifadə ediləcək. İndoneziyada iki nəfərdə yeni koronavirus aşkar olunub.

Yeri gəlmişkən, Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) lideri Məhəmməd bin Zayed də koronavirusa yoluxub. İsrailin “N12″ kanalı açıqlayıb.

Böyük Britaniyanın “Flaybe” şirkəti isə koronavirus ucbatından maliyyə çətinliyi ilə üzləşib. Şirkətin təyyarələri bütün uçuşları dayandırıb. Şirkətin maliyyə çətinliyi səbəbindən 2 min iş yerinin təhdid altında olduğu vurğulanıb.

Müsavat.com

Share: