Qubada əcnəbinin pulqabısını oğurlayan şəxs saxlanıldı

Quba rayonunda xarici vətəndaşın pulqabısını alan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş mayın 5-də şəhər ərazisində naməlum şəxsin onun cibindən içərisində 200 manat və 60 avro, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Tahirov olduğu müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Share: