Sabah paytaxtda gecə və səhər saatlarında küləyin mülayimləşməsi gözlənilir.
Bu barədə Milletinsesi.org-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, aprelin 22-dən ölkə ərazisində hava şəraitinin dəyişdiyi müşahidə olunur:
“Əksər dağlıq rayonlarda qar yağır və qar örtüyü əmələ gəlir. Belə hava şəraiti bu gün də davam edəcək. Paytaxtda arabir yağış yağır, bəzi yerlərdə bu yağıntıların intensiv xarakterli olacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi əsir.
Sabah isə gecə və səhər saatlarında yağış yağacağı, küləyin mülayimləşəcəyi gözlənilir. Aprelin 24-ü, eləcə də 25-i gündüz mülayim cənub küləyinin üstünlüyü müşahidə olunacaq”.
G.Məmmədova onu da bildirib ki, bölgələrdə aprelin 26-dan əsasən yağmursuz hava şəraiti hökm sürəcək:
“Bölgələrdə də bu gün yağış, dağlıq rayonlarda isə qar yağır. Bu hava şəraiti aprelin 25-dək davam edəcək. Aprelin 26-da isə əksər rayonlarda əsasən yağmursuz hava şəraitinin olacağı gözlənilir”.