“Məhz buna görə də son vaxtlar ölkədə baş verənləri “islahata giriş”, “islahata doğru addım” və s. adlandırıram”
“General-leytenant Əfqan Nağıyevin həbs olunması məndə təəccüb və təəssüf doğurdu, onun günahsız, süddən çıxmış ağ qaşıq olduğunu söyləmək fikrim yoxdur, ancaq…”
“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatları ən çox dəstəkləyənlərdən biriyəm. Ancaq son əməliyyatı heç cür anlaya bilmirəm”. “Hürriyyət” xəbər verir ki, bu fikirlərin müəllifi olan tanınmış hüquqşünas Aslan İsmayılovun sözlərinə görə, DTX qədər olmasa da, hər bir Azərbaycan vətəndaşı hansı qurumların daha çox korrupsiya bataqlığında olduqlarının yaxşı bilir.
“Qurumlar” sözünü əbəs yerə qeyd etmədiyini vurğulayan Aslan İsmayılov iddia edir ki, möhürü olan bütün təşkilatlar, rəhbər vəzifəli şəxslərin hamısı korrupsiya bataqlığındadırlar: “Ona görə ki, idarəetmə sistemi belə tələb edirdi. Əlbəttə, DTX-nın keçirdiyi əməliyyatları islahat hesab edəcək qədər də sadəlöhv deyiləm. Ancaq gözəl bilirəm ki, mövcud sistemi sökmədən heç bir islahat aparıla bilməz. Məhz buna görə də son vaxtlar ölkədə baş verənləri islahata giriş, islahata doğru addım və s. adlandırıram. Bu sistemi isə ancaq DTX-nın keçirdiyi əməliyyatlarla çökdürmək olar, çünki bunlar dəmir-beton konstruksiyası qədər möhkəmdirlər. Bununla belə, aparılan tədbirlər də ancaq dövlətçiliyin xeyrinə olmalıdır. Bu gün hərbiləşdirilmiş strukturlarda nisbətdə götürsək elə ən salamatı, daha çox dövlətçilik mövqeyində dayananı, daha çox vətənpərvərlərin cəmləşdiyi qurum da məhz DSX-nı (Dövlət Sərhəd Xidməti-red.) sayırdım. Hesab edirəm ki, məhz buna görə də son vaxtlar cəbhə boyunca ən gərgin mövqelərdə DSX əməkdaşları qulluq aparırdı. Son dövrlər sərhəddə atışmalar zamanı məhz bu xidmətin əməkdaşları düşmən gülləsinə tuş gəlirdi”.
“Bu əməliyyatlar da hansısa şəxsi maraq, qrup mənafeyi üçün aparılsa vətəndaşların bu gün az-çox cücərməkdə olan ümidini puç edəcək və ölkəmiz sonu görünməyən xaosa doğru yuvarlanacaq”
Hüquqşünasın fikrincə, Müdafiə Nazirliyində baş verən əsgər faciələrindən fərqli olaraq DSX-da baş verən ölümlərin KİV-lərdə xüsusi canfəşanlıqla işıqlandırılması da bu sahələrə diqqət yetirənlərin nəzərindən yayınmamışdı: “Hiss olunurdu ki, DSX-ya qarşı hansısa pis niyyət var. Ona görə də belə bir məqamda DSX-nın rəisi Elçin Quliyevin müavini, bildiyim qədər müsbət keyfiyyətləri ilə başqalarından fərqlənən general-leytenant Əfqan Nağıyevin həbs olunması şəxsən məndə təəccüb və təəssüf doğurdu. Onun günahsız, süddən çıxmış ağ qaşıq olduğunu söyləmək fikrim yoxdur, ancaq yenə deyirəm, müqayisədə başqalarından müsbət şəxs olduğunu araşdırmalarım zamanı da gördüm. Əminəm ki, o da başqaları kimi korrupsiyaya bulaşmışdır. Əgər həqiqətən söhbət korrupsiyaya bulaşmış generallardan gedirsə onda Əfqan Nağıyevə korrupsiya maxinasiyalarından dərs deyəcək generallar Müdafiə Nazirliyində onlarladır. Əminəm ki, onların çoxu həbs təhlükəsi görəndə heç də Əfqan Nağıyev kimi şux durmayacaqlar! Məqsədim DTX-nın apardığı əməliyyatları kölgədə qoymaq deyil. Dövlətçiliyini düşünən bir vətəndaş kimi əməyindən, nüfuzundan asılı olmayaraq hər bir təşkilatın, şəxsin apardığı əməliyyatların dövlətçiliyə, dövlətini düşünən vətənpərvərlərin qorunmasına xidmət etməsini istəyirəm. Onsuz da narazı, məhz buna görə də hər müsbət işi şübhə altına almağa hazır olan vətəndaşların son ümidini də qırmaq lazım deyil. Əminəm ki, bu əməliyyatlar da hansısa şəxsi maraq, qrup mənafeyi üçün aparılsa vətəndaşların bu gün az-çox cücərməkdə olan ümidini puç edəcək və ölkəmiz sonu görünməyən xaosa doğru yuvarlanacaq. Bu gün aparılan hər bir əməliyyatların vətəndaşlar tərəfindən qəbul olunmasını düşünmək, həm də onların hərtərəfli dəstəyini qazanmaq deməkdir. Bir daha vurğulayıram ki, bu əməliyyatlar səssiz ötüşməyəcək, həbs olunanların tərəfdarları, hər şeydən narazı, ancaq şəxsi məqsədlərini güdüb məqam gözləyən fürsətçilər bu hadisələrdən maksimum narazılıq yaratmaq və ondan faydalanmaq istəyəcəklər”.
Hurriyyet.org