İSA QƏMBƏRİN HƏVARİSİ, HAKİMİYYƏTİN SÜVARİSİ

İGİD TEYMURLU
SATQIN YƏHUDANIN “QAN TARLASI”
 
Vaxt var idi İsa bəyin həvarisi kimi davranır, ona gələn “vəhylər”in təbliğatçısı olaraq dəridən qabıqdan çıxırdı. Hətta seçki təbliğatlarından birində İsa Qəmbəri Məsih donunda cəmiyyətə təqdim edib Azərbaycanı və Azərbaycan İnsanını onun buludlar arasından boylanan mübarək simasına səcdəyə qapılmağa dəvət edir, mövcud hakimiyyətin ünvanına olmazın hədyanlar yağdırırdı. İndi də zaman-zaman ünvanına hədyanlar yağdırdığı mövcud hakimiyyətin süvarisi kimi davranır. Mətbuatımızın saqqallı uşaqlarından olan bu adamın adı Rauf, soyadı da Abbasovdur, mətbuatımızda raufarifoğluluğu jarqona çevirən Rauf Arifoğlu…
Mövcud hakimiyyətin ən uğurlu addımlarından biri Rauf Arifoğlu kateqoriyasında olanlara öz əlləri və öz dillərilə mənən onların öz ölüm aktlarını imzalatdırmaları olub. Və bu uğurlu addım təkcə mətbu sferada deyil, həm də idarəetmənin müxtəlif strukturlarında təmsil olunanlardan da yan keçməyib. Həbs edilən icra başçıları, vəzifəsindən azad edilən rəsmilərin taleyi də buna bir misaldır. Belələri öz kimliklərini öz etdikləri və dediklərilə ortalığa qoyur, əməlində cinayət tərkibi olanlar cəzasını alır, mənəvi aşınmaya məruz qalanlar da öz çılpaqlıqlarını öz dilləriylə bəyan edirlər – Rauf kimi…
Rauf Arifoğlu Azərbaycan mətbuatının üz qarası və sağalmaz yarasıdır. Onun Mətbuat Şurasına gətirilməsi həm də bu adamın öz kimliyini daha geniş bir spektrdə bəyan etməsi üçün, daha geniş imkanlar əldə etməsi üçündür ki, qoy daha yüksəkdən danışsın, beləcə öz kimliyini bəyan etsin. Gerçək mətbu potensial baxımından Rauf olsa-olsa “Yeni Müsavat”da “sındırdığı” və sındırmaq istədiyi jurnalistlərdən üstün ola bilər…
Rauf Abbasov mətbuatı siyasətin quyruğuna bağlayan və mətbuatı Zərdabi ənənələrindən uzaqlaşdıran adam olub. Açın “Yeni Müsavat”ı, baxın səhifələrinə və Zərdabi ənənələriylə paralellər aparın. Hanı doğru-dürüst informasiya, hanı maarifləndirmə, hanı yetişən nəslin tərbiyəsi istiqamətində konseptual əyləndirmə. Bütün bunların fonunda adam hələ bir utanmadan əllərini göylərə qaldırıb səcdədə də bulunur. Arifoğlu bilməmiş olmaz. İbadət 3 cür olur: sözdə, əməldə və qəlbdə. Bax bu üçü bir yerdə birləşəndə insan kamilləşir. Ama Arifoğlunun söz ibadətiylə əməl ibadəti heç bir-biriylə uzlaşmır, qəlb ibadəti də şübhəsiz ki, bir olan Allaha əyandı. Dünən ünvanına latayır söylədiklərini bu gün məsum kimi cəmiyyətə təqdim edir. Dünən Allahlaşdırdığına qarşı bu gün Allahını belə yeyəcək müşriklər kimi davranır. Belə olan halda adam nədən özü-özünü aydan arı, sudan duru göstərib özündən zorən siyasətçi və zorən təqvalı insan obrazını cəmiyyətə sırımaqla məşğuldur?
“Allahımdan qorxmasaydım siyasətlə məşğul olardım” hədisinin səhihliyinə mən inanmıram. Çünki siyasət təkcə Bismark demişkən, “mümkün olanı etmək məharəti” deyil, həm də Havel demişkən, “siyasət mümkün olanı etmək məharəti deyil, mümkün olmayanı etmək məharətidir”. Ancaq yetər ki, bu siyasətin yürüdülməsində əxlaqa söykənəsən. Bu məsələdə mən dərinə gedib “Yeni Müsavat”ın səhifələrində müxalif liderlərə, hakimiyyətin nümayəndələrinə qarşı aparılan səlib yürüşü, “Yeni Müsavat” və “Azadlıq” qəzetləri arasındakı mətbu “müharibə”nin əxlaqa zidd olan nümunələrinə toxunmuram.
Bir anlığa gəlin bu məsələyə lap məişət səviyyəsində yanaşaq. Bir zamanlar Musa Quliyev (Urud) adlı bir deputatın xalq şairi, millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı haqda işlətdiyi “cızma qara yazan” ifadəsini eşidəndə əsəblərimi sakitləşdirmək üçün “lap yalançının” sözünün bətnindəki hirssoyudan gücündən istifadə etmişdim. İndi də Rauf Abbasov “seçildik” deyəndə bax həmin əvvəlki tövrdə bulundum. Mətbu açıqlamalarına istinad etsək, Ümid Partiyasının sədri İqbal Ağazadə Rauf Abbasov ilə həm də ailəvi dost olublar. Yenə də mətbu açıqlamalara istinad etsək, Rauf Abbasov seçki prosesində bütün mənəvi prinsipləri zədələdi, ancaq Ümid Partiyasının sədri birtərəfli olaraq hələ də bu dostluğun keşiyindədir. Belə olan halda tutaq ki, günün birində İqbal bəyin cocuğu atasına sual edir ki, atacan, nədən Rauf əmi sənə alternativ olaraq bu dairədən öz namizədliyini irəli sürdü, axı o, bizim dostumuzdur? Nə cavab verəcək onda İqbal Ağazadə? Uzaqbaşı canını qurtarmaq üçün deyəcək ki, övladım, fikir vermə, bu, siyasətdi. Siyasətdə belə anlaşılmaz, belə çirkin şeylər də olur. Bax əsil dədəmvay da bundan sonra başlayır, əfəndilər. Deyir, uşaqlar ata-analarından daha çox zəmanələrinə oxşayır. Belə olan halda İqbal bəyin övladı “atacan, siyasətdə belə çirkin şeylər varsa, nədən siyasətlə məşğul olursan?” sualını ona verib adamı dilemma qarşısında qoysa, necə? Rauf Abbasovun təqdim etdiyi siyasətin ortaya qoyduğu reallıq bax budur – əxlaqa söykənməyən siyasət.
Dünən lağ obyektinə çevirdiyi, “balıq Hafiz” deyib siyasətçi olmağını qəbul etmədiyi MMP sədrinin qapısının ağzında növbə gözləməyin adı nədir ki, Rauf Abbasov məntiqi baxımdan əməklərindən sui istifadə etdiyi jurnalistləri beləcə mağmun duruma salır?”
Azərbaycanda mətbuatda şəbəkələşməni oturaq hala gətirən də Rauf Arif oğlu Abbasov oldu. İndi də “mətbuata konseptual baxış”ın vacibliyindən danışır. Həm müxalif düşərgədə, həm mətbu şəbəkədə parçalanmanın əsasını qoyan, özünə “radikal müxalifət”, “ana müxalifət” deyən (AXCP adını zorən özünə komufulyaj edən Yurd, Müsavat, ADP və qismən də AMİP) qüvvələr və bu qüvvələrin danışan dili olan raufyanlılar cəmiyyətimizin içindən parçalanmasında həm də katalizator rolu oynayıb.
Azərbaycanda siyasi qüvvələr arasında nifaq toxumunun əkilməsində, düzün əyi, əyrinin düz kimi göstərilməsində Rauf Abbasov rupor rolu oynadı. Maliyyə qaynaqlarının bolluğu, hakimiyyətin müəyyən dairələrilə ilişgidə olması Rauf Arif oğlu Abbasova “Yeni Müsavat”ı formal olaraq öncül mövqeyə çıxarmağa imkan verdi. “17 min tirajlıq qəzetin 60 faizi “vazvrat” olan vaxt” belə utanmadığına görə oynamağı özünə adət etmiş Rauf Abbasovun təqdimatında “Yeni Müsavat” “ən aparıcı qəzet” kimi cəmiyyətə təqdim olunurdu. Amma “vazvratsız””21 minlik “Millətin səsi” əl-əl gəzsə də, “ən aparıcı qəzet” ola bilmədi, 6 aydan sonra bağlandı. Çünki ortalıqda bir mətbu çete var idi. Və həmin çete ictimai şüuru çaşdırmaq üçün həmin bu “radikal düşərgə” və onların informatorlarının kurasiyasında idilər…
Bəli, Rauf Abbasov Azərbaycana əxlaqa söykənməyən siyasət gətirdi – potensialı imkan verməsə belə boyundan yuxarı tullanmağı özünə peşə etmək onun fəaliyyətinin əsas leytmotivini təşkil edib. Və bu prosesdə bu adam öz məqsədləri naminə bütün ağla gələn və gəlməyən metodlardan istifadə edib. Siyasət əxlaqa söykənəndə bu peşənin özündə zatən qorxulu və utancverici bir şey yox. Siyasətdə ikiüzlülüyə söykənənlərin davranışları onların xislətindən irəli gəlirsə, digər bir tərəfdən də bu adamların belə manipulyativ addımları hakimiyyətdə olan və hakimiyyət uğrunda mübarizə aparan qüvvələrə qarşı cəmiyyətdə “mən beləsinə necə inanım?” dilemmasıyla bir inamsızlıq hissi formalaşdırır. Gözəl bir deyim var: ən gözəl biclik düzlükdür. Sən bu cəmiyyətin, sən bu dövlətin, sən bu millətin uğrunda can qoyursansa, hər şeyi və hər kəsi öz adıyla çağıracaqsan. Daha hansı mətbu, hansısa publisistik bicliklərdən istifadə etməklə özünü sığortalayıb ikibaşlı addım atmamalısan. Rauf Abbasovun “mən Azərbaycanı dəstəkləyirəm” tapıntısı da elə bu kontekstdəndir. İndi Azərbaycanı dəstəkləyən Rauf Arif oğlu Abbasov, bəs 1989-cu ildən ta son iki ilə qədər sən hansı ölkəni dəstəkləmisən ki, dövlət başçımız, müxalif liderlər haqqında ağlına deyil, ağzına gələni “Yeni Müsavat”ın səhifələrində tirajlamısan? Və bu illər ərzində ictimai şüura beləcə yanlış informasiyaları sırıdığına görə Əli İnsanovun sənin başını təpikləmək sevdasını bildik, bəs sən özün özünə hansı cəzanı verərdin? Bu illər ərzində sənin kimi mətbu buqələmunlar cəmiyyəti aldadıb yanlış fikirlərin fonunda milləti yolayrıcında qoymasaydılar indi Azərbaycanda bambaşqa bir demokratik ab-hava var idi. Amma sənin kimilər öz qazancları naminə cəmiyyəti məhvə sürükləməklə Azərbaycanımızın, özəlliklə mətbuatımızın əlindən zaman faktorunu aldınız. Özünüzü zorən siyasətçi yapıb siyasətə də ləkə vurdunuz. İnfuzorlar balıqların qəlsəmələri arasında hansı rolu oynayırlarsa, mətbuatı Zərdabi ənənələrindən uzaqlaşdıranlar da həmin rolu oynadılar. Əvəzində də sizlərə həyan olanlar sizlərə ev verdilər, sizləri şişirdib sizləri daha da qabağa çəkib elədiklərinizin kölgəsində onlar da öz maraqları naminə sizlərdən vasitə kimi istifadə etdilər, sizlərə maşın verdilər, sizlərə para verdilər ki, belə çirkin oyunlarınızı bir az da sürətləndirəsiniz. Bunun qarşılığındasa Sözə və Qələmə tapınanlarsa təkləndilər, təcrid edildilər, evsiz. işsiz qaldılar. Bu gün pislədiyiniz Əli Həsənova “xaç atası” kimi baxanlar indi onun ovuna çıxıblar…
Bəli, o fikirlə mən də razıyam ki, son parlament seçkisində bəlkə də Azərbaycanda ən nümunəvi seçki dairəsi Xətaidə idi. Məlumun olsun ki, bu seçki dairəsinin əksər məntəqələrində keçmiş döyüşçülər də müşahidəçi qismində çıxış edirdilər. Belə olan halda Rauf Arif oğlu Abbasov bu gün utanmadan “seçkidə ciddi uğur qazandıq, seçildik” deyirsə, artıq bu, sözün bitdiyi yerdir və day hes zad. Halbuki İsa bəyin keçmiş həvarisi və onun nümayəndələri gözlərinin içinə qədər deyil, lap müticəsinə əyilmiş boyunlarının qızarmayan köklərinə qədər bilirlər ki, bu seçki dairəsində RAUF ARİF OĞLU ABBASOV İQBAL AĞAZADƏYƏ YÜZDƏ YÜZ U-DUZ-DU! Və bu, faktın özüdür. Belə olan halda nədən yalanı bu cəmiyyətə sırıyıb özünü yalançınının lap belə… əti tökülsün qarğışıyla üz-üzə qoyursan…
“9 ilə bir monoqrafiyanı yaza bilməyənlər”i Məsih donunda cəmiyyətə təqdim edib, xalqın “Ömür kitabı”nı yazanlara mətbu daşlar atan sən olmusan, Rauf Arif oğlu Abbasov. Və onda sən həm də sanki satqın Yəhuda rolunu oynamısan. Əslində oynadın da. Onda sizlər Azərbaycanı “Qan tarlası”na döndərmək istəyirdiniz və 2003-cü il 16 oktyabrda döndərdiniz də. Onda sizin mətbu şəbəkəniz cəmiyyəti buludlar arasından boylanan İsalara tapınmağa çağıranda sənin mətbuatda linç etmək istədiklərin sənin də bu gün “Azərbaycan” deyə zənn etdiyin LİDERin siyasətini dəstəkləyirdilər. Öyləsə, o nə pəhriz, bu nə alça turşusudur?
Share: