Azərbaycan Premyer Liqasının sonuncu -28-ci turu qonaqların üstünlüyü ilə keçib.
Milletinsesi.az PFL-in saytına istinadən xəbər verir ki, 4 matçdan yalnız birində qələbə qazanan meydan sahibləri üç görüşdə uduzublar.
Bu da mövsümün ümumi statistikasını səfərdə oynayan komandaların lehinə dəyişib. Belə ki, çempionatın 112 qarşılaşmasında ev sahibləri 43, qonaqlar 44 dəfə qalib gəlib, 25 matçda heç-heçə qeydə alınıb.
Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində ilk belə haldır ki, meydan sahiblərinin məğlubiyyəti qələbəsindən çox olur. Əvvəlki 26 mövsümün hamısında üstünlük ev komandalarında olub. Əksər hallarda isə bu üstünlük nəzərə çarpacaq dərəcədə böyük olub.
Cari mövsümün nəticələrinə baxsaq, “Qarabağ”, “Neftçi”, “Səbail”, “Sabah” və “Keşlə” səfərdə evdəkindən çox xal qazanıb. Üç komanda – “Qəbələ”, “Zirə” və “Sumqayıt” isə öz meydanında daha uğurlu çıxış edib. Ümumilikdə isə “Qarabağ” həm ev, həm səfərdə 1-ci, “Neftçi” hər iki göstəricidə 2-ci olub.