Azərbaycanın milli aviadaşıyıcısı Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq.
Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Millətin Səsi.az-a verilən məlumata görə, avqustun 6-dan etibarən İstanbul istiqamətində reyslərin sayı həftədə 11-dək artırılacaq (hazırda şəhərlər arasında uçuşlar hər gün həyata keçirilir). Həftənin çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri AZAL İstanbula gündə iki reys həyata keçirəcək.
Tariflər daha əvvəl yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.
Tələbələr aviabilet alışı zamanı AZAL-ın reyslərində 30% həcmində güzəştdən yenidən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM.
Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş Bakıdakı laboratoriyaların siyahısı ilə BURADA tanış ola bilərsiniz.