Şəkər xəstələri qarpız yeyə bilərlər?

Yəqin qarpız və yemişi xoşlamayanlar tapılmaz. Həmçinin onlar çox faydalıdır, orqanizmi bir çox vacib maddələrlə təmin edir.

Lakin şəkərli diabet xəstələri adətən qarpız və yemişdən imtina edirlər. Axı onlar çox şirindir. Görəsən həkimlər bu haqda nə deyir? Diabet xəstələrinə qarpız və yemiş yemək olarmı?

Saglamolun.az bildirir ki, Rusiyalı həkim-endokrinoloq və diyetoloq Olqa Pavlova öz YouTube kanalında bu suala belə cavab verib:

“Qarpız və yemişdə olan kalori və karbohidratların miqdarı az olsa da, onların qlisemik indeksi yüksəkdir. Qarpızın qlisemik indeksi 70, yemişin 65 təşkil edir. Bu o deməkdir ki, bu məhsulları acqarına yeyən insanın orqanizmində şəkərin səviyyəsi kəskin yüksələcək. Bunun nəticəsində damarların daxili divarları, sinirlər zədələnir və diabetin ağırlaşmalarının inkişafı riski artır. Yəni şəkərli diabet xəstələrinə acqarına nə qarpız, nə də yemiş yemək olmaz.

Şəkərli diabet xəstələri qarpız və yemişi az miqdarda və yalnız əsas qida qəbulundan sonra yeyə bilərlər. Belə ki, diabet xəstəsi 250-300 qr qarpız yeyə bilər. Lakin qarpızı zülal və liflərlə (tərəvəzlər, paxlalılar) zəngin olan əsas qida qəbulundan sonra və günün birinci yarısında yemək olar. Zülal və liflərlə zəngin olan qidalar gec mənimsənilir və bu da şəkərin kəskin yüksəlməsinə mane olacaq. Həmçinin diabet xəstəsi 200-250 qr yemiş yeyə bilər. Bunu da yalnız əsas qida qəbulundan sonra yeyə bilərsiniz”.

Nəzərə almaq lazımdır ki, həm qarpız, həm də yemişi 1 gün ərzində yemək olmaz. 1 gün yemiş, növbəti gün qarpız yeyə bilərsiniz.

Share: