Cəlilabadda 23 kəndi rayon mərkəzi ilə birləşdirən yolda torpaq sürüşməsi baş verib.
Bölgədə 20 min əhalinin istifadə etdiyi Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunda yenidən sürüşmə aktivliyinin artması iri çatların yaranmasına səbəb olub. Bəzi ərazilərdə isə asfalt qatının qırılması yolun hərəkət hissəsini daraldıb.
Sözügedən avtomobil yolunda demək olar ki, hər il sürüşmə aktivliyi müşahidə olunur. Yolda mütəmadi təmir-bərpa işləri aparılsa da, Soltankənd və Hacıcavad kəndləri arasındakı hissədə yol yatağı yenidən dərəyə doğru axmağa başlayıb.
Məsələ ilə bağlı Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, yolun həmin hissəsinə yeraltı suların axıdılması üçün suötürücülər qoyulmaqla ərazidə yaxın günlərdə təmir-bərpa işləri aparılacaq. (ona.az)