Nəql olunur ki, Peyğəmbərimiz (s) səfərə çıxmaq istəyəndə, adətən həftənin cümə axşamı günündə çıxardı. Nə zaman səfərə çıxsa idi, özü ilə o cümlədən ayna, daraq, misvaq və qayçını götürərdi.
Həzrət Peyğəmbər (s) yol gedən zaman elə həvəslə yeriyərdi ki, sanki heç yorulmazdı.
Nə zaman hündür yerdən enərdi, buyurardı: “Lə iləhə illəllah”.
Nə zaman hündürə qalxsaydı, deyərdi: “Allahu Əkbər”.
Həzrət Peyğəmbər (s) heç bir evdən getməzdi, məgər o halda ki, orada iki rükət namaz qılardı və buyurardı: “Bu işi ona görə edirəm ki, bu mənzillər onda qıldığım namazlara görə şəhadət versinlər”.
Həzrət Rəsuli-Əkrəm (s) möminlərlə xudafizləşən zaman buyurardı: “Allah təqvanı sizin axirət ehtiyatınız qərar versin. Sizi hər bir xeyir ilə qarşılaşdırsın. Hər bir hacətinizi yerinə yetirsin. Dininizi və dünyanızı amanda saxlasın. Sizi salamat və çoxlu qənimətlə geri qaytarsın”.
Həzrət Peyğəmbər (s) Məkkədən gələn şəxsə buyurur: “Allah ibadətlərini qəbul etsin və günahlarını bağışlasın. Çəkdiyin xərcin qarşısında sənə ruzi versin”.
Milli.Az