UEFA Avropa Liqasının kuboku Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gətirilib.
Report xəbər verir ki, kuboku yaxından görərək onunla şəkil çəkdirmək istəyən kənd sakinləri və futbol azarkeşləri üçün “Qayıdış” parkında şəkil zonası, “Qarabağ” klubu və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub.
Azyaşlı qonaqlar üçün face-art, animator və oyunlarla, futbol üzrə master-klass dərsləri ilə uşaq zonası təchiz edilib, digər əyləncələr təşkil olunub. Bayram ab-havasının yaradılması üçün tədbirdə ölkədə tanınan DJ AKG iştirak edib.
Qeyd edək ki, Avropa Liqası kubokunun turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib və Azərbaycan paytaxtında başa çatıb. Baş mükafat mayın 18-də Bakıya gələrək, növbəti gün qədim Gəncə şəhərinə yollanıb. Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında keçiriləcək.