Özünü daxili işlər orqanlarının əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olunmuş Tural Rəhimli tutularaq istintaqa təqdim edilib.
Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs restoran və ictimai iaşə obyektlərinə zəng edərək özünü yol patrul xidmətinin tağım komandiri vəzifəsində çalışan Nihat və ya Vüqar adlı polis zabiti kimi təqdim edib. Daha sonra o, obyekt sahiblərinə işdən çıxa bilmədiyini və ona təcili olaraq pul lazım olduğunu bildirib. Obyektə sürücüsünü göndərəcəyini deyən T.Rəhimli həmin yerlərə yaxınlaşaraq pulları dələduzluq yolu ilə ələ keçirib.
Qeyd edək ki, saxlanılan şəxsin Xətai rayonunda iki obyekt sahibindən 550 və 200 manat aldığı müəyyən olunub. O, ifadəsində paytaxtın başqa rayonlarında da özünü polis əməkdaşı kimi təqdim edib dələduzluq etdiyini qeyd edib.
Faktla Xətai RPİ-də araşdırmalar davam etdirilir. Gördüyünüz bu şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.