Anamızı söyürlər

Bir neçə gün bundan əvvəl bəzənmiş, dodağının pamadası ilə qürurla danışan qadının sosial şəbəkələrdə danışığına təsadüfən rast gəldim: Elə bildim ki, bu qul buyruğu toya və yaxud da ad gününə gedir. Amma heç biri deyilmiş. Məhkəməyə gedirmiş. O, məhkəmə ki orada Milli Qəhrəmanımız, qürur yerimiz,namusumuz, vicdanımız MÜBARİZ İBRAHİMOVA murdar dilini uzadan bu ünsürün işinə baxılır. O məhkəmədə milli kimliyimizə böhtan və qara yaxanlar özlərinə bəraət qazanmağa çalışır. O məhkəmə ki, mənliyimizə toxunanların ifadələrinin manşet xəbərinə çevirib “İP” və “pul” qazanırlar. Burnunuzdan gəlsin ! Allahın lənəti olsun sizə!

Tanınmış şairlərimizdən biri taxta boyası almaq üçün bazara gedir. Maşını bazarın qabağında saxlayıb 10-15 dəqiqəlik içəri girib boyanı tez alıb çıxmaq istəyir ki, DYP maşınını aparmasın. İşini daha etibarlı tutmaq üçün mobil nömrəsini də dayanacaqda durana verir ki, əgər aparmaq istəsələr, tez zəng etsin.

Şairimiz boya aldığı dükana çatar-çatmaz zəng gəlir ki, maşını aparırlar. Tələm-tələsik özünü evakuatora çatdıran şairlə, evakuasiyanı həyata keçirən sürücü arasında mübahisə yaranır. Bu zəmində sürücü şairin anasını söyür. Əsəblərini cilovlaya bilməyən şair tərbiyəsizi yaxşıca kötəkləyir. Əraziyə əlavə polis işçiləri çağrılır.

Şairin maşını cərimə meydançasına, özü isə polis bölməsinə aparılır.

Polis rəisi şairdən izahat tələb edərək soruşur:

– Vətəndaşı xidmət başında niyə döymüsünüz?

Şair: – Anamı söydü

Rəis yenə soruşur: -Vətəndaşa niyə xəsarət vermisiniz?

Şair əsəblə: – Dedim axı! Anamı söydü.

Rəis təmkinlə: Ananı söydü? Məhkəmə var, vəkil var, qanunlar var, hökumət var.. Get müraciət et, araşdırsınlar. Ona görə adam döyürlər?

Şair əsəblərini “sakitləşdirir”, çox rahat və təmkinlə rəisin anasını söyür.

Rəis stoldan ayağa durur, hirslənir, şairi vurmaq istəyir;

Şair:- Niyə hirslənirsən, niyə məni vurmaq istəyirsən? Demirdin məhkəmə var, hüquq var? Müraciət et, aydınlaşdırsınlar. Niyə üstümə hücum çəkirsən?

Şairin vəziyyəti bir az da ağırlaşır. Onu baş idarənin rəisinin yanına aparırlar. O,başına gələnləri baş rəisə danışır.

Baş rəis şairin bölmə rəisinin anasını söyməsini eşidəndə onu gülmək tutur və inanmır; telefonla  məsələni aydınlaşdırır və şairin düz danışdığına əmin olandan sonra onu buraxır.

Yuxarıdakı əhvalatı yazmaqda məqsədim odur ki, artıq ruhumuz ölüb; torpaqlarımız işğalda, qız-gəlinlərimiz əsirlikdə, Milli Qəhrəmanlarımız, şəhidlərimiz məhkəmələrdə, haqqı deyən jurnalistlərimiz təzyiq altında, biz isə çal-çağırda..

Ermənilər gəlib şəhərimizin “buynuzlarında” bayraqlarını dalğalandırır, mədəniyyətimizin beşiyi sayılan Yazıçılar Birliyində striptiz şou keçirirlər, biz isə bir-birmizi Musavat.com-da debata çağırırıq. Nəyin debatıdır bu? Mədəniyyətinizinmi, intelektinizinmi, qəhrəmanlığınızınmı? Tarixi mədəniyyətimiz ermənilər tərəfindən, milli mentalitetimiz özümüz tərəfindən televiziyalarımızda məhv edilir.

Qəhrəmanları olmayan xalqlar ədəbi obrazlarla onu xəyalən yaradırlar ki, millətin ruhu ölməsin. Biz isə millətimizin bu günü və gələcəyi üçün canlı və real qəhrəmanlıq səlnaməsi yazan müqəddəs varlıqlarımızı məhkəmlərdə, sosial şəbəkələrdə psixlər vasitəsi ilə hörmətdən salırıq.

Mübariz İbrahimovun düşmənə dərs verəcək səhnələrini əks etdirən kino istehsal edən studiyalar niyə yoxa çıxıblar?

Hamının bildiyi məlumatlara görə özünüzü niyə biabır edirsiz? Hökuməti tərifləyib və ya tənqid etməklə şou xarakterli reklamınız heç kimə lazım deyil!!

Bizi hər gün söyürlər. Rusiyada, İranda, Azərbaycanda. Anamızı söyürlər. Biri gedir Avropada zibil qutularının dibində özünü qəhrəman sayır, biri debata çıxır qarşı tərəfi susdurmaqla “xoşbəxt” olur. Biri hakimiyyəti söyməklə qürurlanır, digəri müxalifəti təhqir etməklə pərvazlanır. Biri talanla varlanır, digəri yoxluqdan intihar edir. Dediklərimizin hamısı əlehimizə işləyir və qarın davasına görədir.. Bəs deyilmi? Hər gün peysərə verməyimiz yetmədimi?

Talıb Əhədov

Share: