“Boeing 737 MAX” təyyarələrinin istifadəyə qaytarılması prosesi laynerin bundan əvvəlki modellərində yoxlamaların aparılması səbəbindən çox çəkəcək.
AZƏRTAC “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, ABŞ Federal Aviasiya İdarəsi “Boeing 737” təyyarələrinin əvvəlki modellərinin təhlükəsizliyini şübhə altına almır, lakin pilotların fövqəladə vəziyyətlərdə həyata keçirdiyi prosedurların dəqiqliklə yoxlanmasını tələb edir. Əlavə yoxlamalar bir neçə ay çəkə bilər.
Qurum “Boeing” korporasiyasının hazırladığı yenilənmiş proqram təminatının sertifikasiyası ilə yanaşı pilotların hazırlıq prosesinə dəyişikliklərin edilməsində də israrlıdır. Burada 737 ailəsinin bütün laynerlərinin pilotlarından söhbət gedir.
Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bu, 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzası idi. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.
Efiopiyada baş verən qəzadan sonra bir çox ölkələr, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri təhlükəsizlik mülahizələrinə əsasən “Boeing 737 MAX” təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. “Boeing” kompaniyasının rəhbəri Dennis Melenberq qəzadan öncə hər iki təyyarənin MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sisteminin işində nasazlıq olduğunu etiraf edib.