Azərbaycanda yağış sularının idarə olunması ilə bağlı maraqlı təklif

Azərbaycanlı alim iri şəhərlərdə yağış sularının saxlanılması və səmərəli istifadəsi üçün xüsusi hövzələrin yaradılmasını təklif edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev Trend-ə bildirib ki, Bakı, Sumqayıt, Gəncə şəhərlərində və böyük qəsəbələrdə su keçirməz səthlərin artması yağış sularının yığılmasına və subasmalara gətirib çıxarır.

N.Paşayev bildirib ki, inkişaf etmiş ölkələrin çoxunda yağış sularının idarə olunması üçün müxtəlif metodlarından istifadə edilir.

Alim təklif edir ki, Azərbaycanın da böyük şəhərlərində bunun üçün xüsusi ərazilər qazıla və yağış yağdıqda toplanan sular həmin əraziyə yönəldilərək orada saxlanıla bilər. Ondan daha sonra texniki su kimi istifadə edilərək həm şəhərlərin tələbatının ödənməsinə yardım göstərmək, həm də əraziləri subasmalardan qorumaq mümkündür:

“Yağış yağmadıqda isə həmin ərazidən park və oyun meydançaları kimi istifadə edilə bilər. Bununla yanaşı yeraltı su anbarları da tikmək olar. Lakin torpağın dəyərinin yüksək olduğu və bu qurğuların saxlanılmasının çətin başa gəldiyi ərazilərdə bu metoddan istifadə edilmir”.

Share: