Konstitusiyanın 124-cü maddəsinə görə, yerlərdə icra hakimiyyətini icra hakimiyyətləri başçıları həyata keçirir. Məhz buna görə Konstitusiyanı dəyişmədən “icra başçıları” sözü dəyişdirilə bilməz.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Prezidentin Qarabağ iqtisadi zonası üzrə yalnız bir nümayəndə (Emin Hüseynov) təyin etməsindən sonra Azərbaycanda icra hakimiyyətlərinin ləğv ediləcəyi və iqtisadi rayonlar üzrə 14 nümayəndəlik yaradılacağı haqda ehtimallara münasibətində deyib.
O bildirib ki, Konstitusiyanın 95-ci maddəsinə görə, inzibati ərazi bölgüsünü Azərbaycan Respublikasının Milli Məclisi həll edir:
“Konstitusiyanın 94-cü maddəsinin 21-ci bəndinə görə, ərazi quruluşuna dair ümumi qaydaları Milli Məclis müəyyən edir. Bundan başqa, 13 iyun 2000-ci ildə qəbul olunmuş “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirirlir”.
Biz ilk növbədə aydınlaşdırmalıyıq ki, “iqtisadi zonalar” ərazi vahididir, ya yox. Ərazi vahidi deyilsə, nədir?
Yeri gəlmişkən qeyd edim ki, 14 aprel 2009-cu ildə “Xüsusi iqtisadi zonalar” haqqında Qanun qəbul edilsə də bu istiqamətdə addım atılmayıb. 18 may 2018-ci ildə “Ələt azad iqtisadi zonası” haqqında Qanun qəbul edilib, normativ-hüquqi baza yaradılıb, amma hər hansı istehsal prosesi haqda məlumat yoxdur.
Prezidentin həm iqtisadi zonaların yaradılması haqqında, həm də Emin Hüseynovun səlahiyyətli nümayəndə təyin edilməsi barədə Sərəncamında Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə istinad edilib. Həmin bənddə qeyd olunur ki, Prezident Milli Məclisin və məhkəmə hakimiyyətinin səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
Hesab edirəm “İqtisadi zonalar” və “Dövlət qoruqları” haqqında Konstitusiya ilə ziddiyyət təşkil etməyən qanunlar qəbul edilməli, səlahiyyətli nümayəndələrin statusu müəyyən olunmalıdır və bu, yerlərdə icra hakimiyyətinin səlahiyyətinin həyata keçirilməsi xarakteri daşımamalıdır. Çünki bu, Konstitusiya ilə yerli icra hakimiyyətləri başçılarına həvalə olunub.
Yerlərdə dövlət hakimiyyətinin həyata keçirilməsi istiqamətində islahatlar olacaqsa, bu, Konstitusiyada və qanunlarda dəyişikliklər edilməklə həyata keçirilməli, qanunvericiliyin sistemləşdirilməsi yolu ilə kolliziyalar aradan qaldırılmalıdir”.
Q.Həsənquliyev bildirib ki, BAXCP olaraq, regionların inkişafı üçün bələdiyyələrə yerli hakimiyyət orqanları statusu verilməsinin və onların səlahiyyətlərinin genişləndirilməsinin tərəfdarıdırlar:
“İcra hakimiyyət başçıları isə Prezidentin səlahiyyətli nümayəndələri olaraq Konstitusiyaya nəzarət funksiyasını həyata keçirməlidirlər. Türkiyədəki valilər kimi”.