Kənd təsərrüfatı naziri İnam Kərimovun sentyabrın 16-da Qazax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib.
“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, nazir sentyabrın 24-də, saat 09:00-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-2106484) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.