
Pentaqon ABŞ-ın əvvəllər Ukraynaya tədarük etməyə razılaşdığı “Patriot” hava hücumundan müdafiə sistemləri üçün təxminən 60 ədəd ələ keçirici raketin göndərilməsinin təsdiqlənməsini ləngidir.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, bu gecikmənin arxasında Pentaqon rəhbəri Pit Heqset (Pete Hegseth) dayanır. Məqalədə qeyd olunur ki, söhbət PAC-2 və PAC-3 tipli raketlərdən gedir.
“Financial Times” vurğulayır ki, Pentaqon həmçinin Kiyevin “Patriot” sistemləri üçün raket istehsalı lisenziyası almaq prosesini də ləngidir. Qəzetin yazdığına görə, Heqset razılaşmanı təsdiqləsə də, sənəd daha sonra nəzərdən keçirilməsi üçün ABŞ müdafiə nazirinin satınalma və təminat məsələləri üzrə müavini Maykl Daffiyə göndərilib.
Kiyev dəfələrlə hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan ələ keçirici raketlərin çatışmazlığından şikayətlənib.
Oktyabrın 15-də CNN mənbələrə istinadən xəbər verib ki, Ukraynanın “Patriot” raketləri ehtiyatı tamamilə tükənib. Daha sonra Vladimir Zelenski, ABŞ-ın Kiyevə hərbi texnika tədarükünə üstünlük verən PURL (“Prioritized Ukraine Requirements List” – Ukraynanın Prioritet Tələblər Siyahısı) proqramı çərçivəsində, Aİ ölkələrinin vəsaiti hesabına alınmış raketlərin çatdırılmasındakı gecikmələrdən narazılığını ifadə edib. O, Pentaqon rəhbərini “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü bir ay müddətinə ləngitməkdə ittiham edib.


