Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib.
“Report” xəbər verir ki, hündürlüyü 8 metrə qədər olan məqbərə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarı üzərində ucaldılıb. Məqbərənin divarları qiymətli daşlar və zərlə bəzədilib.
Girişdə mərmər lövhə üzərində özbək və ingilis dillərində “Bu müqəddəs yer Özbəkistan Respublikasının birinci Prezidenti, böyük dövlət və siyasət xadimi, özbək xalqının əziz və sevimli oğlu İslam Abduqanieviç Kərimovun əbədi məskənidir” sözləri həkk olunub. Məqbərənin layihələndirilməsi və inşası zamanı onun dizaynının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Səmərqənddəki Xəzrət-Xızr məscidi ilə uyğunluğuna diqqət yetirilib.
Prezident İlham Əliyev Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məzarı önünə gül dəstəsi qoydu.
Sonra “Qurani-Kərim”dən ayələr oxundu.