“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq cari ilin 30 avqust – 1 sentyabr və 13 sentyabr tarixlərində sertifikatlaşdırmanın test mərhələsi keçirilib.
Elm və Təhsil Nazirliyindən Millətin Səsi.az-a verilən məlumata görə, test mərhələsində ümumilikdə 11 133 nəfər təhsilverən iştirak edib və onlardan 8766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.
12-19 sentyabr tarixlərində isə sertifikatlaşdırmanın müsahibə mərhələsi keçirilib. Həmin mərhələdə 8707 nəfər təhsilverən iştirak edib və onlardan 8676 nəfəri uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
Yerli təhsili idarəetmə orqanları tərəfindən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatlar təqdim olunacaq.
Sertifikatlaşdırmadan keçmiş 3086 təhsilverən vəzifə maaşına 35 faiz əlavə, 5590 təhsilverən isə 10 faiz əlavə alacaq.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunub.