03 oktyabr 2022-ci ildə Vətən Müharibəsi şəhidi Məlikov Elvin İlham oğlunun anım günü qeyd olunmuşdur.
Millətin Səsi.az xəbər verir ki, Anım günündə rayon ictimaiyyəti tərəfindən II Fəxri Xiyabanda şəhidimizin və Vətənin azadlığı ugrunda canından keçən digər qəhrəman Vətən övladlarımızın məzarları ziyarət edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları şəhid məzarları önünə əklil və gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyev müqəddəs torpaqlarımız uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını vurgulayaraq bildirdi ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbəmiz bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, Şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi.
Daha sonra çıxış edənlər Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.