Dumanın iclasına 408 deputat gəldi

 

Spiker Vyaçeslav Volodin  bunu “texniki nasazlıq”la izah edib…

Xəbər verildiyi kimi, Rusiya Dövlət Duması (parlamentin aşağı palatası) Ukraynanın işğal altındakı Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin ilhaqı haqqında sazişi ratifikasiya edib.   İclasda iştirak edən deputatların hamısı yekdilliklə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya “birləşdirilməsini” nəzərdə tutan üzdəniraq qanun layihəsinin lehinə səs verərək sənədi təsdiqləyib.

Moderator.az Rusiyanın hazırda Riqada nəşr olunan “Meduza” nəşrinə istinadla xəbər verir ki, yekunda Dövlət Dumasında iclasda olduğundan daha çox deputatın “yeni ərazilərin ilhaqına” səs verdiyi müəyyənləşib. Spiker Vyaçeslav Volodin isə bunu “texniki nasazlıq”la izah edib

Səsvermə dörd dəfə – hər bir ilhaq edilmiş ərazi üzrə ayrıca keçirilib. Eyni zamanda, Dövlət Dumasının tablosuna əsasən, hər dəfə müqavilənin ratifikasiyasına müxtəlif sayda deputatlar səs veriblər. Baxmayaraq ki, heç bir  kəs sənədin “əleyhinə” səs verməyib və ya bitərəf qalmayıb…

Nəticələr belə görünür:

“DXR”-in “birləşməsi” üçün – 413 səs;

“LXR”-in “birləşməsi” üçün – 412 səs;

Zaporojye vilayətinin “ilhaqı” üçün – 409 səs;

Xerson vilayətinin “ilhaqı” üçün – 411 səs;

❌ Cəmi səs verib – 408 deputat.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin seçicilərin sayındakı uyğunsuzluğu “texniki nasazlıq” ilə izah edib.

Bundan əlavə, “Meduza” ona diqqət çəkib ki, bütün hallarda, yəni hər bir vilayətin ilhaqı ilə bağlı iclasda olduğundan daha çox deputat  səs verib. Halbuki, qeydiyyat məlumatlarına görə, oktyabrın 3-də Dövlət Dumasına 408 deputat gəlib. Amma Donetsk vilayətinin ilhaqına 413 deputat səs verib…

Bütün bunlar  MDB məkanındakı bir çox parlamentlər kimi, Rusiya Dövlət Dumasının da saxtalaşdırmada peşəkar olduğunu təsdiqləyir…

 

Mənbə

Share: