“Ramştayn-6”: savaşın fəlsəfəsi dəyişir…

Qəzənfər Həmidoğlu

Bu gün G7 (Böyük yeddilik – ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, Kanada, İtaliya və Fransa) liderləri təcili iclas keçirərək Rusiyanın Ukraynaya raket zərbələri yağdırmasını müzakirə edəcəklər. Sabah isə Ukraynanın müdafiəsi üzrə Təmas qrupunun 6-ci görüşü keçiriləcək. “Ramştayn formatı” – Kiyevin tərəfdaşı olan 52 ölkənin müdafiə nazirləri bu dəfə Amerikanın Almaniyadakı “Ramştayn” aviabazasında deyil, Brüsseldə toplaşacaqlar.

Putin nüvə təhdidinə okeanın o tayından aldığı adekvat və daha sərt reaksiyanı görünür belə anlayıb ki, ABŞ və müttəfiqləri Rusiyanın heç olmazsa, konvensional silahlarla hərbi cinayətlər törətməsinə, Ukraynanı qaranlıq xarabalığa çevirməsinə göz yumacaqlar. Kerç körpüsünün dağıdılması Putin üçün Kreml qülləsinin uçması kimi bir şey oldu və plintusun altına düşən imicini guya düzəltmək üçün Ukrayna şəhərlərinin infrastrukturunu dağıtmağa, yaşayış binalarını, uşaq meydançalarını ballistik və qanadlı raketlərlə vurmağa başladı.

Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı, “Hələb qəssabı” Sergey Surovikini işğal zonasında RF Silahlı Qüvvələrinin Birləşmiş Qoşun Qruplaşmasının komandanı təyin etməsi ilə Putin açıq mesaj verdi ki, “raket müharibəsi”nə başlayır. Ordusu Ukraynanın cənubunda və Donbasda konvulsiyaya girən Rusiyanın lideri suda boğulan saman çöpündən yapışan kimi xilas üçün bütün şanslarını zorlayır. Zorən getdiyi səfərbərlik umduğu (əgər gerçəkdən umurdusa) effekti vermədi. Gözləmək olar ki, tezliklə hərbi vəziyyət elan edib Rusiyanı tam “çəpərləyəcək”. Bu da çətin ki, onu çöküşə aparan yoldan xilas etsin.

Putin anlayır ki, savaşı uduzsa, canını yalnız siyasi meyitə çevrilməklə qurtarmayacaq. Odur ki, çarəni savaşı uzatmaqda, dinc şəhərləri raket yağışına qərq etməkdə görür. Onun bu gedişi yalnız ukraynalıları qorxutmaq deyil, həm də Kuyevin arxasında durduğunu bəyan edən Qərb supergüclərinə meydan oxumaqdır.



Ukrayna sahədə canını-qanını qoyur, ABŞ və müttəfiqləri isə əvvəlki “Ramştayn”larda vəd etmişdilər ki, Kiyevin ərazi bütövlüyünü bərpası, tam qələbəsi və Rusiyanın zəiflədilməsi üçün hər şey edəcəklər, canlarını verməsələr də, mallarını verəcəklər. Zira Ukrayna həm özü, həm də onların mövqe və dəyərləri naminə vuruşur.

Ukrayna savaşın 8 ayında Qərbdən aldığı Javelin, Stinger, MLRS, HIMARS raket kompleksləri və fərqli artilleriya sistemləri ilə rusların hücumlarının qarşısını alıb əks-hücuma keçə bildi. Lakin işğalçını tam sıxışdırmaq və Rusiyanın təhdidlərini neytrallaşdırmaq üçün daha ağır silahlara ehtiyac var.

Hər halda Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı sentyabrın əvvəlində yazdığı məqalədə ordusunun məsələn, ATACMS kimi operativ-taktiki raket kompleksinə ehtiyacı olduğunu bildirirdi. Qərbdə Ukraynanın daha ağır və uzaqhədəfli silahlarla Rusiya şəhərlərini vuracağından çəkinir və Putini daha artıq qıcıqlandırmaq istəmirdilər. Kiyev isə inandırmağa çalışırdı ki, belə silah ona yalnız Putini çəkindirici faktor kimi lazımdır. Zalujnının ATACMS və ya buna yaxın atəş gücü olsa idi, Putin güman ki, raketlərini belə cəsarətlə Ukraynaya uçurmazdı…

Oktyabrın 10-dan Putin Ukrayna savaşında leveli qaldırdı. Hələlik aydın deyil ki, general Surovikin birgünlük hərbi cinayətə əl atıb, yoxsa sonuncu raketi qurtaranadək atacaq.

Hər bir halda “Ramştayn qrupu”nun növbəti toplantısı artıq fərqli önəm kəsb edir. Bu formatın strateji hədəfi aydındır. Amma taktikalarına, savaşın gedişatı ilə bağlı yaz-yay aylarındakı paradiqmaya korrektə etməli və Kiyevə dəstək fəlsəfəsinə prinsipial yanaşma ortaya qoymalıdırlar. Artıq Rubikon keçilib, Putinin özünü dünyanı batıracaq “Mad Men” fiqur kimi aparması, “Putin uduzsa, nüvəyə əl atacaq” əndişəsi qarşısında tərəddüd keçirmək Kremlin dəyirmanına su tökməkdir.

Savaşın yeni fazasında Ukraynanın Rusiyanı çəkindirəcək silahlarla təmin edilməsi zamanı çatıb. Balığı soyub-soyub quyruğunda buraxmazlar. Carthago delenda est – yəni, Karfagen hökmən dağılmalıdır!

Mənbə

Share: