“Azəravtoyol”da işçilərin “edam hökmü” verildi

“Azəravtoyol”da işçilərin “edam hökmü” verildi

Bülletendəyəm. Əməliyyat olunmuşam. İşə zəng vurdum ki, vəziyyəti soruşam, cavabı çox acınacaqlı oldu. Oturub “edam hökmünü gözləyirik”.

Bildiyiniz kimi , Azəravtoyol Dövlət Agentliyinin rəhbərliyi dəyişildi. Saleh Məmmədov və komandası bir-bir vəzifələrindən azad edilirdilər. Mən də AYDA-nın nəzdindəki 2 saylı Avtomobil Yollarının Yaşıllaşdırma MMC-də 14 ildir  sahə rəisi vəzifəsində işləyirdim. Siyahı istəmişdilər, bilirdim ki iki nəfər ixtisara düşsə, birincisi mən olacam. Çünki heç vaxt heç  bir qanunsuzluğa qol çəkmədim. Necə işləmişəm, o da ayrı mövzudur.

Əvvəl dedilər ki, yeni rəhbərlik maaşları qaldıracaq, hamı sevinclə gözləyirdi. Amma əksinə oldu. İdarə ləğv edilidi, işçilərin çoxu ixtisara düşdü. O işçilər ki, 500-600 manat əmək haqqı onlar üçün yaşam deməkdi, ondan oldular. Çoxunun krediti var, borcu var. Bu ayı o biri aya zorla çatdırırdılar. Milyonları talayanları başa düşdük, bəs bu insanların taleyi necə olacaq? Guya hər idarədə 20-30 nəfəri ixtisar etməklə büdcə düşünürsünüz? Onları işdən azad etmək “edam hökmü” qədər ağırdı. Onların düzənini pozdunuz?Axı onlar hara getsin? Hər yerdə ixtisarlar gedir. Ah nalədən qorxmursuz?

İki qrup ixtisar olundu:

Rəis heyəti; işdən çıxarılandan sonra taladıqları 10 nəsil sonrasına qədər yetəcək.

İşçi heyəti; ehtiyacdan xəstəlik tapacaqlar.

Yerli mətbuat tirajladı ki, Saleh Məhmmədov 1 milyard yeyib; səhv yazmışdılarsa, yazanlar niyə cəzaladırılmır? Düz yazmışdılarsa, Saleh Məmmədov niyə həbs olunmadı?

Jurnalist Cavanşir Həsənli apardığı araşdırmada Saleh Məmmədovun 22 yaşlı oğlunu milyonçu kimi təqdim etmişdi.

Həmin araşdırmaya görə, S. Məmmədli 20 yaşında Avstriyada, 21 yaşında İngiltərədə şirkət açıb, Londonun zənginləri sırasında ən gənc milyonerlərdən biri kimi tanınıb.

Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alıb və şirkətə şəriklik hüququ əldə edib. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir. Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir.

Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.
Amma biz nəinki övladlarımız üçün iş tapa bilir, hətta 500-600 manat maaş müqabilində olan işimizi itiririk. Bu ölkə bizim vətənimiz deyilmi? Yalnız bir qrup məmurundurmu? Bir oğru gedir,o birisi gəlir. Hansı idarəyə baxırsan yeyinti, talan.. Nə vaxta kimi? Saleh Məmmədovun və ya digər məmurların övladları bizim övladlarımızdan artıqdırmı?

Bu gün “hökm oxundu”;Təkcə bizim idarədən 35 nəfər ixtisar olundu. 35 nəfər 35 ailə deməkdir. 35 nəfərin aylıq əmək haqları cəmi təxminən 15-18 min manat edir. Bir məmur övladının bir gündə tenderdən qamarladığı vəsaitdən 10 dəfə, bəlkə də 100 dəfə az edir. Ehtiyac içərisində boğulan 35 nəfəri işdən azad edib, guya büdcəyə qənaət edirsiz. Əvəzində həmin məbləği ümumiyyətlə pula ehtiyacı  olmayan baş nazirə verirsiz!
Altında milyardlarla sərvət olan ölkənin vətəndaşına bu cür münasibət hansı vicdana sığır? Bir tərəfdən cərimələr, bir tərəfdən artırılan qiymətlər, bir tərəfdən ixtisarlarla vətəndaşları dilənçi kökünə salmaqda məqsəd nədir?

Talıb Əhədov

Share: