Ağstafa rayonunda bazarda 4 nəfər güllələnərək qətlə yetirib.
Report-un məlumatına görə, hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs bazarda atəş açaraq 8 nəfəri güllələyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.
Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub.
Məlumata görə, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur.
Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.
***
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağstafada baş verən ağır cinayət hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Axar.az-a daxil olan birgə məlumatda deyilir ki, iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri – Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.
Təxirəsalınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsinaə E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.
Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərətərəfli, tam və obyektiv araşdırılması məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
Bu gün səhər saatlarında Ağstafa rayonunda törədilmiş dəhşətli qətlə bağlı bəzi təfərrüatlar məlum olub.
Publika.az-ın məlumatına görə, öldürülən Şəmiddin Musayev və Novruz Musayev 2007-ci ildə digər qardaşları ilə birgə Elnurun atası Ramiz Süleymanovu və əmisini qətlə yetirib. Bir neçə gün əvvəl onlar həbsxanadan çıxıblar. Digər qardaşları isə həbsdə qalıb. 2 qardaş bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan analarının yanında işləməyə başlayıblar.
Bundan sonra ata və əmisinin qisasını almağı planlaşdıran Elnur məlum cinayəti törədib.
Artıq 4 nəfəri güllələyərək öldürən, daha 4 nəfəri isə yaralayan 25 yaşlı Elnur Süleymanov saxlanılıb.