Zəngilanlılar əbədi olaraq bu torpaqlarda yaşayacaqlar

Zəngilanlılar əbədi olaraq bu torpaqlarda yaşayacaqlar

Çox da uzaq olmayan tarixdə, XIX əsrin əvvəllərində Rusiya Qafqazı işğal etdikdən sonra yeni ərazi inzibati bölgə yaratdı. Zəngəzur qəzası Gəncə quberniyasına tabe edildi və Sisyan, Qafan,Mehri, Zəngilan, Qubadlı və Laçın bu quberniyaya daxil edildi. 


Bolşeviklərin köməyi ilə qədim Azərbaycan torpaqlarında ermənilər öz dövlətlərini qurdular və Zəngəzur qəzasını işğal etdilər. Bolşevik Rusiyasının köməyi ilə Zəngəzur Azərbaycandan alınaraq Ermənistana birləşdirildi. Nəticədə Zəngəzur qəzasının yuxarı hissəsi Ermənistana, Laçın, Qubadlı, Zəngilan bölgələri Azərbaycanın tərkibinə verildi. Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən işğal edilən Zəngilanın ərazisində azərbaycanlılara məxsus onlarla tarixi, dini abidələr mövcud olmuşdur.

 

Erməni vəhşiləri bütün qədim abidələri dağıtmışdılar. Rayon ərazisində qızıl, qara mərmər yataqları, əhəng xam malı və sair faydalı qazıntılar var idi. Ermənilər bu yataqları qeyri-qanuni istismar edib, məhsullarını xarici dövlətlərə satırdılar. Rayon ərazisindən keçən, ölkəmizin ən böyük çaylarını ekoloji fəlakət səviyyəsinə çatdırmışdılar. 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət olan Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan ordusu tərəfindən işğal edilmişdir. 45 mindən çox olan Zəngilan əhalisi məcbur olaraq respublikamızın 43 rayonunda məskunlaşdırıldı.

 

Zəngilan Qubadlı, Cəbrayıl rayonları, eləcə də Araz çayı boyunca İranla həmsərhəddir. Zəngilan ərazisində olan XVII əsrə aid  İmam Hüseyn məscidi də daxil olmaqla digər əsrlərə aid məscidlər, Xanazor və Yeməzli kəndlərindəki Alban kilsələri də ermənilər tərəfindən dağıdılmışdır. Həmçinin rayon ərazisində yerli sakinlərlə yanaşı bütün azərbaycanlılar üçün müqəddəs ziyarətgahlar da erməni vandallarının vəhşiliyinə məruz qalmışdır. Zəngilan ərazisi IX-XVI əsrlərə aid unikal tarixi memarlıq abidələri ilə də zəngin olub.


Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-dən başlayaraq Zəngilanın  işğaldan azad edilməsi əməliyyatına başladı. Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunun yaşayış məntəqələrinin  işğaldan azad edilməsi ordumuzun Zəngilan rayonunun ərazisində uğurlu hərbi əməliyyatlar keçirməsinə zəmin yaratdı. Zəngilan uğrunda döyüşlər Sərhəd Xidməti Qoşunlarının Komandanlığı altında aparılmışdır. 2020-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək Zəngilan rayonunun altı kəndi ilə yanaşı, Zəngilan şəhərinin də işğaldan azad edilməsi barədə xoş müjdə verdi. 1 şəhər, 4 qəsəbə və 49 kənd işğaldan azad edildi. Işğal altında qalmış 132 kilometrlik sərhədlərimiz bərpa edildi. 

2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına  görə” medalı təsis olundu. Prezident cənab İlham Əliyevin sərəncamları ilə 6972 hərbi qulluqçu “Zəngilanın azad olunmasına  görə” medalı ilə təltif edilmişdir. 


Müharibə başa çatdıqdan sonra Zəngilanda böyük logistika layihələri həyata keçirilməyə başladı. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu böyük strateji əhəmiyyətə malikdir. Zəngilanda inşa ediləcək hava limanı bu bölgəni  beynəlxalq nəqliyyat logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda sürətli şəkildə böyük quruculuq və abadlıq işləri aparılır. Artıq “Böyük Qayıdış” proqramı uğurla davam etdirilir. İlk pilot layihə Zəngilanın Ağalı kəndində reallaşdı.

 

200 evdən ibarət yeni Ağalı kəndi salındı, daha 150 evin tikintisinə başlanılmışdır. Bu ilin may ayında Ağalı kəndinin sakinlərinin bir hissəsi öz doğma yurduna qayıtdılar. Burada əhalinin məşğulluğu ilə yanaşı bütün sosial xidmətlər yaradılmışdır. Heydər Əliyev Fondu tərəfindən Zəngilan məscidi bərpa olunmaqdadır. İşğaldan azad edildikdən sonra Prezident cənab İlham Əliyev 5 dəfə Zəngilana səfər edib. Ölkə başçımız bütün səfərlərində yeni müəssisələrin, yaşayış evlərinin və sosial obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Zəngilanlılar əbədi olaraq bu torpaqlarda yaşayıb yaradacaqlar.

 

Kamilə Əliyeva, 

Milli Məclisin deputatı, professor

Mənbə

Share: