Paşinyanın Tehran səfəri dönüş nöqtəsi olacaq

İrana səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı Tehranın Sədabad sarayında prezident İbrahim Rəisi ilə birgə mətbuat konfransda iştirak edib.


Modern.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, İran prezidentinin sözlərinə görə, Ermənistanın baş nazirinin səfəri iki ölkənin inkişafında dönüş nöqtəsi olacaq.


Qonşuluq siyasətinin İran hökumətinin əsas prioritetlərindən biri olduğunu deyən Rəisi əlavə edib ki, İran və Ermənistan arasında iqtisadi, ticarət və təhlükəsizlik əlaqələrinin inkişafı üçün belə ikitərəfli görüşlərin keçirilməsi vacibdir.


Rəisinin sözlərinə görə, İran və Ermənistan arasında ticarət əlaqələri son aylarda 43% artıb.

“Məqsədimiz ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaqdır ki, buna iki ölkənin iradəsi ilə nail olmaq olar”, – deyə o əlavə edib.


Qafqaz regionunun İranın tarixi, sivilizasiyası və mədəniyyətinin bir parçası olduğunu bildirən Rəisi deyib ki, bu bölgədə baş verən proseslər təhlükəsizlik və sülh baxımından Tehran üçün çox önəmlidir.


Regional problemlərin bölgə aktorları tərəfindən həll edilməsinin vacibliyini vurğulayan İran prezidenti deyib ki, “xaricilərin Cənubi Qafqaza hər cür müdaxiləsi problemi həll etmək əvəzinə, problemlər yaradacaq”.

Mənbə

Share: