İran prezident İbrahim Rəisi ABŞ prezidenti Co Baydenin “Biz tezliklə İranı azad edəcəyik” açıqlamasına cavab verib.
Modern.az İRNA-ya istinadən xəbər verir ki, İbrahim Rəisi ABŞ-ın müharibələrdə və qan tökülmələrində aparıcı rol oynadığını, xalqların maraqlarını öz maraqları naminə məhv etdiyini bildirib. O, ABŞ prezidenti Co Baydeni İrandakı iğtişaşları dəstəkləməkdə ittiham edib.
İran prezidentinin sözlərinə görə, bu gün imperializmin simvolu ABŞ-da hökmranlıq edən sistemdir. O, Amerikanı “böyük şeytan” adlandırıb.
İbrahim Rəisi çıxışının sonunda belə deyib:
“Bir neçə saat əvvəl ABŞ prezidentinin İranı azad etmək istədikləri ilə bağlı açıqlamalarını eşitdim. Baydenə demək istəyirəm: İran 43 il bundan əvvəl azad edilib və biz heç vaxt sağmal inək olmayacağıq!”.