İran-Ermənistan “dostluğu”nun sonu necə olacaq?

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Ermənistanı dəstəkləyən bir sıra dövlətlərin təxribatçı iddiaları ilə üzə-üzə qalıb. Bir çoxları üçün gözlənilməz olsa da, bölgədə Ermənistanın yanında olan, işğal siyasətini dəstəkləyən ölkə də var. Təəssüf ki, bu, cənub qonşumuz İrandır.

 

İranın Ermənistanla dostluğu, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, ölkəmizdə İrana xidmət edən casusların yaxalanması, son olaraq isə Ermənistanın Təbrizdə konsulluq açmağa hazırlaşması xəbərləri bu ölkənin Azərbaycana qarşı məkirli mövqeyindən irəli gəlir. 


Maraqlıdır, özünü islam dövləti kimi təqdim edən İranın müsəlman dünyasına düşmən kəsilən Ermənistanla dostluq etməsinin səbəbi nədir? İran və Ermənistanın isti münasibətləri bölgəyə nə vəd edir?

 

Bununla bağlı Modern.az-a danışan politoloq Tofiq Abbasov düşünür ki, İranın bölgə siyasəti son dərəcə anlaşılmaz və təhlükəlidir. Tehranın yürütdüyü siyasət bu ölkənin özünə ciddi ziyan vurur, nəinki başqalarına:

 

“Onsuz da qlobal sistemdə İran təcrid olunub, sanksiyalar ildən ilə şiddətlənir. Belə olduğu halda gərək rəsmi Tehran ilk növbədə qonşuluq siyasətini yüngülləşdirsin. Azərbaycanın İrana qarşı heç bir iddiası, anlaşılmazlıq yaradacaq təklifi yoxdur. Əksinə Ermənistanın addımları Azərbaycanla İranın arasındakı vəziyyəti gərginləşdirməyə hesablanıb. Regionda hökm sürən münasibətlərdə təkcə Azərbaycan, İran və Ermənistanın deyil, Türkiyə, Rusiya və digər dövlətlərin də rolu var. Hətta bəzi dövlətlər çalışırlar ki, Cənubi Qafqazda, xüsusilə İran ətrafında münasibətləri gərginləşdirsinlər. Dərinə getsək, İranla aramızda bizi birləşdirən nüanslar mübahisəli məqamlardan daha çoxdur. Ermənistanın oyuna atılması isə İranın bəzi dairələrinin siyasətinin nəticəsidir”.

 

“Rəsmi İrəvan istəyir ki, Azərbaycanı mənfi təqdim etsin, regionda sabitliyi pozan qüvvə kimi qələmə versin. Halbuki, iki əsr öncə ermənilər bura köçürüləndən sonra dinc oturmayan, fitnə-fəsadla məşğul olan da məhz onlardır. Ermənistan heç vaxt İrana sadiq dost olmayacaq. Bütün müsəlman ölkələri içərisində ən böyük erməni icmasının yaşadığı ölkə İran olsa da, onların dostluğu dayanıqlı deyil. Ermənistanın daxilindəki islamafobiyanın təsirlərini son həddə qədər hiss edirik. Necə olur ki, Ermənistan Azərbaycanla düşmən olduğu halda teokratik idarəetməyə malik olan İranla doğmadır. Bu, sözün əsl mənasında riyakar yanaşmadır. İran bunu bilsə də, öz məqsədləri naminə ermənilərlə münasibətləri yaxşı saxlamağa çalışır. Ermənistan anlamalıdır ki, Türkiyə və Azərbaycan kimi qonşu dövlətlərlə münasibətlərini pozacaqsa, heç vaxt uğur qazana bilməyəcək” – politoloq bölgədə cərəyan edən prosesləri şərh edib. 

 

 

Tofiq Abbasovun fikrincə, İran erməni kanalları ilə Qərbdə özünə imtiyaz qazanacağını hesab etsə də, bu, yanlış addımdır:

 

“Ermənilərin casus şəbəkəsi həddindən artıq böyükdür və ən azı 2-3 mənbəyə işləyən riyakar, sürüşkən mövqeyə malikdirlər. Ermənilər İranı bir tərəfdən dəstəkləyir, digər tərəfdən satırlar. İndiki məqamda, İranın Azərbaycanla “körpüləri yandırmasının” ona heç bir xeyri olmayacaq. İran Azərbaycana qarşı təxribatçı siyasət yetirsə də, vətəndaş cəmiyyəti məhz Azərbaycanı sevir. Hakim dairələr bunu görməzdən gələ bilməzlər. Əgər gələcəkdə Qərbin İrana qarşı hansısa hücumu olarsa, birinci Ermənistan onlara dəhliz verəcək ki, İranı bombalasınlar. Azərbaycan isə bunu heç vaxt etməyib, gələcəkdə də etməyəcək. Nə qədər ki, gec deyil, İran bölgədəki əsl düşmənini və dostunu ayırd etməli, münasibətləri korlamamalıdır”.

Mənbə

Share: