ABŞ Çinin dünya liderliyini necə əngəlləyir?

Pekinin son illərdə siyasi və hərbi ritorikası sərtləşsə də, Çin hakimiyyəti Vaşinqtonla münasibətlərin normallaşması yollarını axtarır. Çin lideri Si Sinpin ABŞ-la iqtisadi əlaqələri əvvəlki axarına qaytarmaq istəyir. ABŞ prezidenti Co Bayden də hərbi müşavirlərinə deyib ki, Çinlə münaqişə istəmir. Bu baxımdan Pekinlə Vaşinqton arasında dialoqun genişləndirilməsi üçün imkanlar var.

 

Modern.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ-Çin münasibətlərini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Pekinin Tayvanla bağlı iddiası iki ölkə arasında yaxınlaşmağa problemlər yaradır. ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Çinə Tayvan adasını ələ keçirməyə imkan verməyəcək: “ABŞ Tayvanın müdafiə qüdrətini artıracaq”.

 

“Si Sinpin ABŞ-la toqquşmaq istəməsə də, Çin Kommunist Partiyasının qurultayında bildirib ki, Tayvanı istənilən vasitə ilə Çinə birləşdirəcək. ABŞ-ın “Atlantic” nəşrinin yazdığına görə, Ağ Ev sahibi Çinə yarımkeçiricilərin və çiplərin ixracını qadağan edib. Bu, Çinin texnoloji baxımdan ABŞ-la eyni sırada durmaq imkanlarına zərbədir.

 

Beləliklə, Vaşinqton Çinə texnoloji sahədə dünya lideri olmasını əngəlləyir. Bundan qəzəblənən Pekin hərbi yarışda ABŞ-a cavab verməyə çalışır. Çin Asiya-Sakit okean bölgəsində hərbi dəniz donanmasının sayını artırıb. Ancaq bu siyasət Çinə əlavə problemlər yaradır. Çünki Çinin bu bölgədə hərbi gücünü artırması Amerika ilə yanaşı, Yaponiya, Hindistan, Avstraliya kimi ölkələri də narahat edib və bu ölkələr Pekinə qarşı ittifaq formalaşdırıblar.

 

ABŞ-ın nüfuzlu “Wall Street Journal” dərgisinin yazdığına görə Si Sinpin hakimiyyətdə kadr dəyişiklikləri edərək hücum diplomatiyasına üstünlük verənləri vəzifələrə təyin edir. Misal üçün Si Sinpinin ABŞ-a təyin etdiyi 56 yaşlı səfiri Sin Qan amerikalılarla daha sərt davranmağın tərəfdarıdır. Bu səfirin gələcəkdə Çinin xarici işlər naziri təyin olunacağı da istisna deyil”, – deə Elxan Şahinoğlu vurğulayıb.

Mənbə

Share: