ABŞ-da Konqresə keçirilən aralıq seçkilər təkcə siyasi deyil, həm də maliyyə analitiklərinin marağına səbəb olub.
Partiyalar və onların donorları tərəfindən açıqlanan məlumatlara görə, bu il aralıq seçkilərdə ümumi ianələr 9,3 milyard dolları ötüb.
Modern.az xəbər verir ki, bu barədə partiyaların, namizədlərin və donorların hesabatlarını təhlil edən “OpenSecrets” tədqiqat təşkilatı məlumat yayıb.
Əvvəlki rekord 7.1 milyard dollarla 2018-ci ildə keçirilən aralıq seçkilər olub. Ekspertlər bu ilki rekord nəticəni ABŞ-da siyasi qütbləşmənin kəskinləşməsi ilə izah edir.
Cari seçki dövründəki xərclər 2020-ci ildə Konqres seçkilərinə xərclənən 9,9 milyard dollardan bir qədər az olub. Həmin il Konqres seçkiləri prezident seçkiləri ilə eyni vaxtda keçirildiyi üçün xərclər daha çox olub.
Bu seçkidə əsasən milyonçu və milyarderlər tərəfindən edilən böyük fərdi ianələr də rekord həddə çataraq 881 milyon dollar təşkil edib. 2018-ci ildə belə ianələrin həcmi 611 milyon dollar, 2014-cü ildə isə 232 milyon dollar olub. Bu il böyük fərdi ianələr edən iyirmi milyonçu və milyarderdən 14-ü Respublikaçılar partiyasını, qalanı Demokratları dəstəkləyib.
Bu seçki dövrünün əsas siyasi donoru uzun illər Demokratları dəstəkləyən Corc Soros olub, hazırda onun sərvəti təxminən 6,7 milyard dollardır. O, bu il 128 milyon dollar ianə edib.
Akif İsmayılov