Bayramımız – bayraqlı, bayrağımız – bayramlıdır

Bayraq kənardan göründüyü kimi rəngli bir parça deyil, o bir xalqın, dövlətin varlığını, kimliyini nişan verən ali məfkurə daşıyıcısıdır. Bayrağın daşıdığı rəmz və əlamətlər ölkələrin məram və yolunu tanıdır. Dünyada nə qədər dövlət varsa, o qədər də bayraq var. Bu anlamda bayraq hər dövlətin, hər xalqın varlığının göstəricisidir.

 

Bayraq həm də xalqların mübarizə yoluna işıq salan mənəvi məşəl timsalındadır. Böyük Mustafa Kamal Atatürk bu gerçəyi nəzərə alaraq bildirmişdi ki, “bayraq bir millətin azadlıq əlamətidir. Düşmənin olsa belə, hörmət edilməlidir”. Azadlığımızın yönləndiricisi, milli kimliyimizin pasportu olan müqəddəs üçrəngli bayrağımız bizim üçün hər şeydən öncə Vətənin mənəvi siması deməkdir. Bizim sevdiyimiz, uğrunda ölməyi şərəf bildiyimiz Vətənin yüksəkliklərində dalğalanan bayrağımız əbədi dirilik, mübarizə, uğur müjdəçisidir.

 

Bayrağımız bizi Vətən sevgisinə, qeyrət davasına, qələbə zirvəsinə səsləyir. Sevinc və qürurumuzun timsalı olaraq qələbə anında, bayram təntənəsində bayrağımıza sarılırıq, onu təntənə ilə başımızın üstünə qaldırır, duyğulanır və yeni hədəflərə həvəslənirik.

 

Ötən əsrin əvvəllərində düşmən qüvvələrin endirdiyi, 70 il həsrətində qaldığımız üçrəngli bayrağımız “Bir kərə yüksələn bayraq bir daha enməz!” gerçəyi ilə xatirələrdə, ürəklərdə dalğalandı və gün gəldi ki, xalqımızı haqq davasına qaldırmaq üçün yenidən meydanlarda bitib-göyərdi. Yenidən başımız üzərində dalğalanan milli bayrağımız başımızın tacına çevrilərək mübarizə eşqimizi alovlandırdı.  

 

İkinci Qarabağ müharibəsində canını Vətənin bütövlüyünə qurban verərək şəhid olmuş, yaralı düşmüş qalib Azərbaycan əsgərinin hər birinin sol cibindəki bayraq Vətən sevgisinin cazibə daşıyıcısı idi. Bütün dünya gördü və şahid oldu ki, biz o bayağı sevə və onun uğrunda ölə bilirik!  Çünki Vətən adına bu cəsarəti, qəhrəmanlığı dahi azərbaycanlı Heydər Əliyevdən öyrənmişdik. Məhz onun fövqəladə böyüklüyü, tarixi qərarı ilə könlümüzün hakimi olan bayrağımız yenidən Azərbaycanda dalğalandı. 

 

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada  Xalq Cümhuriyyətinin yadigarı və əmanəti olan üçrəngli bayraq əvvəlcə muxtar respublikada ali status qazandı. Çox keçmədi ki, Azərbaycan dövləti də öz suverenlik savaşına bu bayrağın kölgəsində getdi. 1991-ci il ildə axıdılan qanlar, çəkilən əziyyətlər hesabına müstəqqiliyini qazanan Azərbaycan azadlığını ilk illərdə itirmək təhlükəsi yaşadı.

 

Xalqımızın böyük övladı Heydər Əliyev dərin zəkası və möhkəm iradəsi ilə bu fəlakəti sovuşdurub yenidən yüksəlmiş bayrağımızın enməsinə imkan vermədi, ölkə məhv olmaqdan qurtuldu. Vətəni, onun müqəddəs atributlarını bizə sevməyi öyrədən ulu öndər Heydər Əliyevin gərgin əməyinin xoşbəxt sonluğu olaraq bu gün suveren dövlətlər sırasında müstəqil ölkəmiz, bayraqlar içində qürurla dalğalanan bayrağımız var. Bu müqəddəs ənənə, dövlət atributlarımıza dəyər verən Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilərək təqvimizin 9 Noyabr gününü ölkəmizdə bayrama çevirdi.  

 

2009-cu il noyabrın 17-də Prezidenti İlham Əliyevin sərəncamına əsasən Dövlət Bayrağı Günü təsis olundu və noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edildi. Məhz həmin gün bayrağımız həm də bayramımıza çevrilib milyonlarla qəlbdə dalğalanır, bizi xalq olaraq öz ətrafına toplayır, doğmalaşdırır, bütövləşdirir. Ölkəmizin hər yerində, xüsusilə, işğaldan azad olunmuş ərazilərimizdə, müqəddəs Azərbaycan bayrağının dalğalanması yurd sevgimizi coşdurur, qeyrətimizə qanad taxır. 30 il idi ki, gözəl Qarabağımız bu bayrağın al-əlvan hüsnünə, cilvəli dalğalanmasına həsrət qalmışdı.

 

Artıq bütün nisgillər, ağrılar geridədir. Öndə olan bayrağımızdır, inam və ümidlərimizdir. Ölkəmiz Prezident İlham Əliyevin Komandanlığı altında namərd düşmənin məkrli planını məhv edib, qəsdimizə durmuş yağını rəzil edib. Bu torpağa əzəli sakinləri qayıdıb, meydan bayrağımızındır, meydanlardakı bayrağımızdır. Bu gün bayramımız – bayraqlı, bayrağımız – bayramlıdır.

 

Qəhrəman bir xalqın, onun qüdrətli və yenilməz sərkərdəsinin liderliyi ilə bayrağımız layiq olduğu yüksəklikdədir. İstiqlal çarçısı, millət fədaisi Əhməd Cavadın həsrətlə baxdığı üçrəngli bayrağımız indi təkcə Qara dəniz üzərində deyil, dünyanın hər yerində dalğalanır. Prezident İlham Əliyevin liderliyi altında kimsə onun endirilməsinə cəsarət edə bilməz. Bayrağımız, bayramın mübarək olsun! Bayraq bayramımız mübarək olsun! Bayrağımız Xeyirə dalğalansın, xoş günlərin baş müjdəçisi olsun!

 

Rəşad Mahmudov,

Milli Məclisin deputatı

Mənbə

Share: