Son aylarda Rusiya qoşunlarının həyata keçirdiyi raket və hava hücumları nəticəsində Ukraynanın Kiyev, Dnepr, Xarkov, Jitomir və Krivoy Roq rayonlarında mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Yaşayış məntəqələrindəki obyektlər, o cümlədən elektrik stansiyaları və yarımstansiyaları sıradan çıxıb, yaralılar olub.
Paytaxt Kiyevdə hücumlar şəhərin şimal-şərqindəki Desnyanski rayonunda mühüm infrastruktur obyektlərinə edilib. Kiyevdə Dnepr çayının sol sahilində işıq və su verilişində fasilələr yaranıb.
Hücumların qarşısının alınması üçün əməliyyat həyata keçirən Ukrayna hərbçiləri İrana məxsus onlarla pilotsuz uçuş aparatlarını (PUA) vurublar.
“Report”un Şərqi Avropa bürosunun əməkdaşı İran istehsalı olan PUA-ların Kiyevdə dağıntılar yaratdığı mülki infrastruktur obyektlərindən reportaj hazırlayıb.
Məsələni “Report”a şərh edən Ukraynanın UNIAN İnformasiya Agentliyinin şef redaktoru Mixail Qannitski bildirib ki, bu dronlar istifadə taktikası sayəsində olduqca effektivdir. Onlar vasitəsilə kütləvi zərbələr endirmək mümkündür. Üstəlik, ucuz olduğuna görə Rusiyanın bu dronlardan kütləvi şəkildə istifadə etmək imkanı var. Söhbət ondan gedir ki, “Shahed” pilotsuz uçuş aparatı bu dronun vurulması üçün istifadə edilən istənilən növ hava hücumundan müdafiə sistemlərinin qiymətindən aşağıdır. Məsələn, hətta “Stinger”dən bir raket atışı belə, bir “Shahed” PUA-sından baha başa gəlir”.
Onun sözlərinə görə, dronlardan kütləvi istifadə edilməsi nəticəsində onlardan birinin və ya bir neçəsinin hədəflərə çatmaq ehtimalı artır:
“100 dron buraxılır, onlardan cəmi dördü hədəfi vurur. Lakin dörd dronun elektrik stansiyasına zərbəsi nəticəsində belə, ciddi ziyan dəyir. Bu amil olmasaydı, rusiyalı terrorçularının ukraynalılara və Ukrayna iqtisadiyyatına cəbhə xəttindən 150 kilometr uzaqda hücum etmək üçün resursları olmayacaqdı. Buna görə də ayətullahların kriminal rejimi Ukraynada müharibənin uzadılmasında birbaşa məsuliyyət daşıyır və ukraynalılara, o cümlədən müsəlman ukraynalılara qarşı soyqırımının həyata keçirilməsində əlbirdir”, – M.Qannitski bildirib.