Noyabrın 14-də “NUR Art House” qalereyasında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri” rəsm müsabiqəsi və sərgisinin açılışı olub.
Modern.az xəbər verir ki, əvvəlcə rəsm müsabiqəsi və sərgisi barədə iştirakçılara məlumat verilib.
Milli Məclisin deputatı Musa Urud tədbirin təşkilatçılarını və iştirakçılarını təbrik edərək sərginin əhəmiyyətindən danışıb: “Zəngəzur mövzusu bizim üçün Qarabağ mövzusu qədər doğma, əziz və aktualdır. Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. Xalqımız üçün tarixi əhəmiyyət kəsb edən bu Qələbə nəticəsində işğal altında olan torpaqlarımız azad olundu və biz 30 illik həsrətdən sonra tarixi ərazilərimizə qovuşduq. Tarixi Zəfərdən sonra belə sərgilərin açılması olduqca əhəmiyyətlidir. Ona görə ki, burada əsərləri sərgilənən yeniyetmələr, uşaqlar bu problemi öyrənərək, işğaldan azad olunmuş torpaqların bizim tarixi ərazilərimiz olduğunu bir daha dərk edirlər. Eyni zamanda, öz düşüncələrini rəsmlərində əks etdirməklə bunu daha geniş kütləyə çatdırırlar”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Arzu Nağıyev bu layihənin gözəl bir təşəbbüs olduğunu vurğulayaraq deyib: “Mənim üçün çox xoşdur ki, artıq orta məktəb şagirdləri də bu mövzuya müraciət edirlər. Bu, əslində çox önəmli və mühüm məsələdir. Bu gün hər bir gəncin tərbiyəsində, formalaşmasında, Vətəni sevmək və onun tarixini bilmək, həmçinin bu sevgini yaratdığı əsərlərə köçürmək çox mühüm əhəmiyyət kəsb edir. Buna görə təşkilatçılara, təşəbbüskarlara öz təşəkkürümü bildirərək düşünürəm ki, gələcəkdə də belə gözəl layihələr davam etdiriləcək”.
“Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin sədri Nurlana Hacıyeva layihə barədə məlumat verib: “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri” rəsm müsabiqəsi və sərgisinin məqsədi milli-mədəni irs nümunələrinin tanıdılması kimi ümummilli işə dəstək olmaqdır. Layihə qədim tariximizin və mədəni irsimizin təbliği baxımından ölkəmizdə görülən işlərə layiqli töhfə verəcək. Bu, olduqca aktual bir layihədir. Bilirsiniz ki, tarixi Azərbaycan torpaqları olan hazırkı Ermənistan ərazisində azərbaycanlılara məxsus 8 minə yaxın tarixi-memarlıq abidələri mövcud olub, amma onların əksəriyyəti vəhşicəsinə dağıdılaraq məhv edilib. Bu abidələrin bir çoxu haqda heç bir görüntü də qalmayıb. Prezident İlham Əliyev müasir Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarından danışarkən “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olduğunu bilsin”, – deməsi bu ərazilərin Azərbaycanın tarixi torpaqları olduğunu bir daha təsdiqləyir”.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sonda layihə çərçivəsində rəsmləri sərgilənən şagirdlər sertifikatlarla təltif olunublar.