
Son zamanlar bəzi internet resursları və sosial şəbəkə istifadəçiləri Laçın yolunun bağlanması ilə bağlı reportajlar və statuslar dərc edirlər. Mən də öz növbəmdə bu məsələyə qısaca münasibət bildirəcəm.
Azərbaycanın heç bir yolun, o cümlədən Laçın dəhlizinin və Laçın yolunun bağlamaq planı olmayıb, indi də belə bir plan yoxdur və yəqin ki, heç gələcəkdə olmayacaq. Azərbycan bütün kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının və regionun inkişaf etdirilməsinin tərəfdarıdır. Amma biz təbii ki, ərazimizə silah daşınmasının əleyhinəyik və bunun qarşısının alınması üçün təcili tədbirlər görməliyik. Bu tədbirlər Laçın yolunun bağlanmasını deyil, həmin yola nəzarətin gücləndirilməsini yaxud da yola birgə nəzarətin tətbiqini nəzərdə tuta bilər. Birgə nəzarətin həyata keçirilməsi üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzindən istifadə edilməsi mümkündür və bu bütün münaqişə tərəfləri üçün məqbul hesab edilə bilər.
“Laçın yolu bağlanacaq” cümləsini quranlar bu yoldan Azərbaycanın da istifadə etdiyini bilirmi? Yəqin ki, bilmir. Bu yolun bağlanması Azərbaycanın təklifləri və planları ilə ziddiyət təşkil edir. Məncə hər bir media resursu və ya vətəndaş, peşəkar olduğu və dərindən anladığı mövzularda ictimaiyyəti istiqmətləndirməlidir, bu daha yüksək nəticələr əldə etməyə imkan verə bilər.
Ədalət Verdiyev, hərbi ekspert