Vardanyan Qarabağla bağlı “planlarını” açıqladı

 

Qarabağ separatçılarının “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan RTVI telekanalına müsahibəsində gələcək planları və digər məsələlər haqda danışıb.

Millətin Səsi.az-ın məlumatına görə, Vardanyan deyib ki, onun Qarabağa gəlişi və “vəzifəyə” təyin olunması hamının unuda biləcəyi “Artsax mövzusu”nu daha da aktuallaşıb.

“İndi Qarabağda baş verən hər şey Rusiya, Ermənistan, Azərbaycan və dünya mətbuatında müzakirə mövzusuna çevrilir”, – Vardanyan vurğulayıb.
Onun sözlərinə gör, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanla razılaşması var ki, Xankəndidəki qondarma “hökumət strukturunda” islahatlar aparılsın.

Milyarderin fikrincə, Xankəndidə özünün vahid komandasının formalaşdırılması zəruridir.

Rusiyalı milyarder Qarabağa köçməsinə reaksiyanı şərh edərkən deyib ki, guya, bu qərarı heç kimin göstərişi olmadan, ailəsilə birgə verib.

“Mən həmişə Rusiya vətəndaşı olmuşam, amma digər tərəfdən də bütün dünyada işləmişəm” deyən Vardanyanın sözlərinə görə, Rusiya, İngiltərə, Amerika, Kipr, Ukrayna, Qazaxıstan kimi ölkələrdə 50-dən çox biznes təşkiları qurub.

Qarabağdakı planlarından danışan Vardanyan bildirib ki, bütün sahələri əhatə edən 15-ə yaxın islahat həyata keçirməyə hazırlaşır – hərbidən tutmuş iqtisadiya qədər.

Onun sözlərinə görə, 44 günlük müharibə nəticəsində mühüm ərazilərin Azərbaycanın nəzarətinə keçməsinə baxmayaraq, kənd təsərrüfatı separatçılar üçün aparıcı sahədir.

Ruben Vardanyan Ermənistanın baş naziri Nikol Paşinyanla münasibətləri barədə də danışıb.
O, Paşinyanla ilk dəfə 2018-ci ildə, məxməri inqilabdan sonra görüşdüyünü bildirib.

“Ona dedim ki, məni narahat edən, həyat tərzimi dəyişməyə hazır olduğum yeganə mövzu Artsaxdır. Mən ona açıq demişəm ki, mən heç vaxt əvvəlki prezidentlərin siyasi fəaliyyətinə qarışmamışam və indi də qarışmaq fikrində deyiləm, amma Artsax mənim üçün qırmızı xəttdir”, – Vardanyan bildirib.

Vardanyan vurğulayıb ki, o, erməni elitasının Qarabağla bağlı biganəliyini qəbuledilməz sayır.

Milyarder qeyd edib ki, onun Ermənistanın hazırkı baş naziri ilə “işçi münasibətləri” var.

Vardanyan qeyd edib ki, Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması, onların sayının artırılması və statusunun daha dəqiq müəyyənləşdirilməsi məsələsini həll etmək lazımdır.

Onun sözlərinə görə, ən düzgün qərar Rusiya sülhməramlılarına beynəlxalq BMT mandatının verilməsi ola bilər.

“Və bu məsələlər mümkün qədər tez həll edilməlidir, çünki Rusiya sülhməramlı kontingentinin birinci müddətinin başa çatmasına cəmi 2,5 il qalır”.

Vardanyan vurğulayıb ki, Qarabağ məsələsi beynəlxalq vasitəçilərin iştirakı ilə ayrıca danışıqlar rejimində həll edilməlidir.

Mənbə

Share: