Bu, Ukrayna üçün FACİƏVİ QƏRAR OLACAQ

Ukrayna müharibəsinin hansı səbəbdən başladıldığı və kimlərin bu savaşdan karlı ayrılacağı ilə bağlı detallar hər ötən gün daha çox aydınlığa çıxmağa başlayır. Bunun aydınlaşmasında “yardım edən” açıqlamalardan biri ABŞ-ın dövlət katibi Entoni Blinkendən gəldi. 

 

Belə ki, ABŞ dövlət katibi son açıqlamalarından birində bildirib ki, “Ukraynanı özünü qoruması, Rusiya aqressiyasını dəf etməsi və 24 fevraldan sonra itirdiyi torpaqları geri qaytarması üçün dəstəkləyirik”. Onun bu bəyanatı xeyli müzakirələrə səbəb olub.

 

Gəlin müharibənin başladığı 10 ay əvvələ kimi beynəlxalq siyasi arenada mümkün Rusiya-Ukrayna müharibəsi ilə bağlı gedən proseslərə qısa nəzər salaq: Hələ dekabrın 7-də Rusiya prezidenti Vladimir Putinlə videobağlantı ilə iki saatlıq danışığından sonra ABŞ prezidenti Co Bayden bəyan edir ki, “Rusiya Ukraynaya hücum etsə, ABŞ qoşun göndərməyəcək”. 

 

 

Bəli, ABŞ Rusiya üzərinə açıq şəkildə qoşun göndərmədi, amma Vaşinqton günü bu günə kimi Ukraynaya bir qoşun göndərməkdən də artığını edir. Ukrayna ən azı müharibə başlayana kimi “dünyanın ikinci ən güclü ordusu” hesab edilən Rusiya qarşısında bu günə kimi dayanıqlıq göstərirsə, bunun ən birinci səbəblərindən biri Kollektiv Qərbin və ABŞ-ın göndərdiyi yeni hərbi texnikalar və sözügedən istiqamətlərdən Şərqi Avropaya Ukrayna adına savaşmaq üçün gələn təcrübəli, peşəkar minlərlə hərbiçilərin olmasıdır. 

 

Amma Blinkenin sözlərindən belə çıxır ki, Vaşinqtonun yeni strategiyasına əsasən 24 fevraldan öncə işğal edilən Donbas və Krımın geri qaytarılması daxil deyil. O da aydın olur ki, ABŞ-ın ən yüksək səviyyədə belə hər hansı bir bəyanatına arxayın olub, kritik qərar qəbul etmək axmaqlıqdır. Necə ki, buna Rusiya və Ukrayna getdi. Görünür, Vaşinqton artıq istəyinə çatıb, o səbəbdən də Ukraynanın ərazi bütövlüyü ilə bağlı məsələ tam şəkildə onun üçün hazırki məqamda heç də prioritet məsələlər sırasında deyil. 

 

Bir qədər yaxın keçmişə nəzər salsaq görərik ki, Blinken kimi eynilə bənzər fikirləri hələ bu ilin may ayında Henri Kissincer dilə gətirmişdi. Kissincer sülh üçün Ukraynanın 24 fevraldan əvvəl işğal olunmuş torpaqlarından imtina etməsini, bu bölgələrə iddianın Rusiyaya qarşı müharibə başlatmaq olduğunu irəli sürmüşdü və bu fikirlərinə görə çox sərt tənqid olunmuşdu. 

 

 

Hadisələrin dönüb-dolaşıb yenidən Kissincerin təklifinə qayıtması təsadüfi bir hadisəyə bənzəmir. ABŞ əsas rəqiblərindən hesab edilən Ruisya qarşısında hədəfinin böyük bir hissəsinə nail oldu. Bu müharibə Rusiyanın uzun vədədə özünə gəlməsi üçün çıxılmaz bir bataqlıq olduğunu nəzərə alsaq, ABŞ-ın artıq planlarının daha uzaq hədəfə istiqamətləndiyini düşünə bilərik. Ağ Ev indi bütün diqqətini çox güman ki, növbəti qlobal miqyaslı əsas rəqibi olan Çinə yönəltmək, Uzaq Şərqə fokuslanmaq niyyətindədir. 

 

Belə görünür ki, necə ki, bir vaxtlar Kissincer SSRİ-ə qarşı mübarizədə Çini ABŞ tərəfinə çəkmişdi, indi də Çinə qarşı gələcək mübarizədə Rusiyanı “dəyişkən” olaraq gördüyü üçün, onun düşdüyü bu vəziyyətdən istifadə edərək müəyyən maraqlar nəzərə alınmaqla Pekin üçün istifadədə maraqlıdır.

 

Kissincerin təklifi olduqca proqmatik görünür. Məntiq çox sadə: İki düşmən varsa, bunların yaxınlaşmasına imkan verməmək üçün birini öz tərəfinə çəkməlisən. Bununla da Amerika ənənəvi, uzun yüzilliklərə söykənən “parçala və idarə et” siyasətinə sadiq qaldığını növbəti dəfə nümayiş etdirir. Belə bir məqamda sözsüz ki, iki düşməndən zəif olanı öz tərəfinə çəkmək daha asandır. Çünki hazırki durumda öncə bataqlığa saldığı Rusiyanı indi çıxartmaq cəhdi məcburiyyətdən də olsa Moskva üçün hava-su kimi lazımdır. 

 

 

Bununla da bir daha ehtimallar artır ki, Vaşinqton Ukrayna müharibəsi ilə bağlı konkret qalib tərəfin olmasında maraqlı deyil və buna imkan verməyəcək. Çünki ABŞ-da yaxşı bilirlər ki, müharibənin bu ssenarisi Moskvanı məcbur edir ki, Vaşinqtonla “əlverişli” şərtlərlə masaya otursun. Nəticədə isə ortada əvvəlki halından əsər qalmayan Ukrayna mənzərəsinə şahid oluruq. Çünki müharibədən öncəki vəziyyətlə ehtimal edilən prosesləri müqayisə etdikdə, bir tək fərq dağılan, viran qalan, on minlərlə insanı öldürülən, milyonlarla vətəndaşı qaçqın düşən Ukrayna reallığı göz önündə. 

 

Nəzərə alsaq ki, müharibəyə başlayan, hücum edən tərəf Rusiya olsa da, Ukrayna üçün bu savaşın əsas məqsədi, mahiyyəti 24 fevraldan öncə işğal edilən Donbas və Krımın geri qaytarılması ilə Kremlin tarixi məğlubiyyətinə nail olmaq idi. Bu nəticə əldə olunmasa, belə anlaşılır ki, Ukrayna xarici güc mərkəzləri üçün sadəcə poliqon oldu, onun nə istədiyi isə həmin dövlətlər üçün heç bir əhəmiyyət daşımadı. Təəssüf ki, proseslər bunun daha real olduğunu deməyə əsas verir. /Milli.az/

 

Mənbə

Share: