Azərbaycanın Rusiya və Türkmənistan qazına ehtiyacı varmı?

Pərviz Heydərov yazır…

 

Vaxtilə ölkəmizin neft və qaz potensialının qeyd olunandan xeyli az təşkil etdiyini iddia edənlər və ümumiyyətlə, enerji resurslarımızla bağlı atdığımız hər bir addıma və siyasətimizə şəkk edənlər indi bizə o qədər xilaskar göz və ümidlərlə baxırlar ki, özümüzü necə doğruldacağımız az qala özümüzdə belə şübhə yaradır. 

 

Söhbət xüsusən, qazdan gedir.

 

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ölkəmizə sayca 10-dan çox Avropa ölkəsindən sifariş daxil olub. Sifarişlər ondan ibarətdir ki, ya mövcud təchizat həcmi artırılsın, ya da yeni qaz həcmləri təmin olunsun. Hansı ki, dövlət başçımız İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda bütün bunlar nəzərdən keçirilir: “İndi bütün sifarişləri təmin etmək üçün bizim kifayət qədər qazımız yoxdur”. Lakin ölkə başçısı əlavə də edib ki, real olaraq Azərbaycan qazını qəbul edən ölkələrlə kommersiya məsələlərinə dair danışıqlara başlamaq lazımdır. Ona görə ki, tələb olunan bütün zəruri infrastruktur və müvafiq hüquqi baza artıq, mövcuddur.

 

Ümumiyyətlə, ölkəmizin Avropanın gözündə alternativ qaz ixracçısı mənbəyi rolunda görünməsi heç də təsadüfi deyil. Hər şeydən öncə ona görə ki, Avropa Azərbaycanın qaz potensialına yaxşı bələddir. Özü də, elə əvvəldən. Sadəcə olaraq, siyasi ambisiyalar və sair bunu etiraf etməyə imkan vermirdi.

 

Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil edib. Bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub. Bu, əvvəlki ildən 40% çox deməkdir. Artıq, başa çatmaqda olan bu il üçünsə 22 milyard kubmetr ixrac nəzərdə tutulub. Hansı ki, bunun da 11,5 milyard kubmetri Avropaya çatacaq.

 

Göründüyü kimi, ixrac artır. Hələ, ortada bu ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı 2 dəfəyədək artırmaq haqda Anlaşma Memorandumu da var. Hansı ki, ölkəmiz ilə Avropa Komissiyası arasında imzalanan həmin sənədə əsasən bu, 2027-ci ilədək həyata keçirilməlidir.

 

Odur ki, TANAP-ın buraxılış gücünü 16 milyard kubmetrdən 32 milyarda, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyarda qədər genişləndirmək tələb olunur. Hazırda bu barədə danışıqlar gedir. Çünki bundan ötrü, bütün pay sahiblərinin konsolidasiyalı mövqeyi və sərmayəsi tələb olunur.

 

Bu məqamda bəzi məsələlər isə çoxlarını çaşdırır. Belə ki, ölkəmizin Rusiya və Türkmənistan ilə qaz mübadiləsinə dair svop anlaşmaları suallar doğurur. Qeyd edim ki, sözügedən nəql 1 milyard kubmetr tədavül təşkil etməklə 2023-cü ilin mart ayının sonunadək həyata keçiriləcək. 

 

Sual edilir ki, qarşıdakı dövr üçün böyük öhdəliklər götürdüyümüz halda məsələn, cari ilin noyabrın 15-dən yeni qaz alqı-satqısı müqaviləsinə əsasən Azərbaycana rus qazının nəqli nə məqsəd daşıyır?

 

Məsələ bundadır ki, bu, yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə isə Rusiyadan Azərbaycana analoji həcmdə nəqli nəzərdə tutan iki ölkə arasında təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlığa dair 2021-ci ildə əldə olunan razılığa əsaslanır. Və heç bir halda qaz sarıdan potensialımızın az təşkil etdiyi və Avropa qarşısında götürdüyümüz öhdəliyin yaratdığı çətinliklərlə əlaqədar xarakter daşımır.

 

Türkmənistan qazı ilə bağlı svop əməliyyatları da həmçinin. Çünki sənayemiz artır, əhalimiz say etibarilə çoxalır, işğaldan azad olan ərazilərimizdə bərpa və yenidənqurma işləri aparılır. Bütün bunlar da əlavə qaz həcmlərinə tələbat yaradır ki, yerli istehlak tələbatını qarşılamaqda fasilələrin yaranmaması, müəyyən fors-major hallarının ortaya çıxmaması üçün svop anlaşmalara ehtiyac yaranır ki, bunun böyük əhəmiyyəti var.

 

Azərbaycanın kifayət qədər qaz ehtiyatı vardır və bu barədə Prezident İlham Əliyev dəfələrlə konkret rəqəmlər söyləyib. Sadəcə olaraq, bunu müxtəlif yataqlar üzrə üzə çıxardıb istismara vermək və ixracla bağlı öhdəliklərimizi yerinə yetirməklə yanaşı, sürətlə artan yerli istehlak həcmini də daha dolğun şəkildə ödəmək üçün müvafiq siyasət yürütmək tələb olunur. 

 

Məsələn, gələn ildən hasilatına başlanılacaq böyük qaz kondensatı yatağı olan “Abşeron”dan birinci faza üzrə 1,5 milyard kubmetr həcm əldə edilməklə yanaşı, bunu bir neçə dəfə artırmaq potensialından da qısa müddət ərzində istifadə etmək mühüm şərt sayılır. 

 

İkincisi, “Abşeron”dan savayı digər, – “Ümid”, “Babək”, “Asiman”, “Şəfəq” və sair adlı yataqlarımızdan da hasilat tez bir zamanda gerçəkləşməlidir.

 

Üçüncüsü isə ölkədə bərpaolunan enerji mənbələri ilə bağlı investisiya işləri sürətləndirilməklə yanaşı, daha da genişləndirilməlidir.

 

Mənbə

Share: