İlin sonunadək bütün çoxmənzilli binalar sənədləşdiriləcək.
Milletinsesi.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev “Caspian European Club” və “Caspian American Club” çərçivəsində keçirilən biznes-forumda deyib.
O bildirib ki, Prezident İlham Əliyev ilin əvvəlində imzaladığı çoxmənzilli binaların istismara verilməsinin sadələşdirilməsi ilə bağlı fərmana uyğun olaraq Komitə 59 layihəni təsdiq edib:
“Bu isə 11 mindən çox mənzil deməkdir. Yəni, 11 mindən çox ailə mülkiyyət hüququnu təsdiq edən sənəd əldə edib. Bundan başqa 400-ə yaxın bu cür layihə mövcuddur. Aidiyyəti dövlət qurumları öz işlərini bitirib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdikdən bir həftə sonra mülkiyyət hüququnu təsdiq edən sənəd verilir”.
S.Nuriyev qeyd edib ki, ilin sonuna qədər fərmanda qeyd edilən işlər başa çatdırılacaq:
“Müəyyən yerlərdə hələ də nöqsanlar aşkar edilir. İş adamlarını mövcud nöqsanları aradan qaldırmağa səsləyirik”.