Türkiyənin koalisiya hökumətləri – Hansı neçə il vəzifədə qalıb?

Türkiyə Cümhuriyyəti seçki ilinə qədəm qoyub. 2023-cü ildə ölkə yeni prezidenti və parlamentini seçəcək. Hazırda Türkiyə siyasi gündəmində ən aktual məsələlərdən biri prezidentliyə namizədlərlə bağlıdır. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) prezidentliyə vahid namizədi bəllidir. AKP-nin Milliyətçi Hərəkat Partiyası (MHP) ilə birgə yaratdığı “Cümhur İttifaqı”nın prezidentliyə vahid namizədi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır. 

Müxalifət isə hələ ki vahid namizəd məsləsində ortaq mövqeyə gələ bilməyib.

6 müxalif partiyanı birləşdirən “Millət İttifaqı” – “6-lı masa” 10-cu dəfə toplaşaraq, prezidentliyə vahid namizəd məsləsini müzakirə edib.
 
Kemal Kılıçdaroğlu (Cümhuriyyət Xalq Partiyası -CHP), Meral Akşener (İYİ Partiya), Temel Karamollaoğlu (Səadət Partiyası), Ahmet Davutoğlu (Gələcək Partiyası), Ali Babacan (DEVA Partiyası) və Gültekin Uysalın (Demokrat Partiyası)  birləşdiyi “Millət İttifaqı” yanvarın 5-də keçirilən toplantıdan sonra yaxın vaxtlarda vahid namizədi elan edəcəyini bildirib.

Bu arada bəzi türkiyəli siyasi ekspertlər deyirlər ki, “6-lı masa”nın Türkiyəyə tətbiq etmək istədiyi parlament sistemi modeli keçmişdə hökumət böhranlarına səbəb olub. Onlar Türkiyədə əvvəlki illərdə mövcud olmuş koalisiya hökumətlərinin uzunömürlü olmadığını xatırladıblar.

Modern.az məsələnin aktuallığıını nəzərə alaraq, Türkiyədə indiyə kimi fəaliyyət göstərmiş koalisiya hökumətləri ilə bağlı statistikanı təqdim edir:

Türkiyədə olk koalisiya hökuməti 20 noyabr 1961-ci ildə qurulub.  CHP ilə Ədalət Partiyası (AP) arasında qurulan ilk koalisiya hökuməti cəmi 7 ay davam edib.

25 iyun 1962-ci ildə CHP, Yeni Türkiyə Partiyası (YTP), Cümhuriyyətçi Kəndli Millət Partiyası (CKPM) və müstəqil deputatların bir araya gəlməsi ilə 2-ci koalisiya hökuməti qurulub. Bu koalisiya hökuməti 1 il 6 aydan sonra – 25 dekabr 1963-cü ildə dağılıb.

3-cü koalisiya hökumətinin ömrü 14 ay çəkib. Həmin hökumət 25 dekabr 1963-cü ildə CHP millət vəkilləri və istiqlalçı deputatların iştirakı ilə yaradılmışdı.

20 fevral 1965-ci ildə Ədalət Partiyası-Yeni Türkiyə Partiyası- Cümhuriyyətçi Kəndli Millət Partiyası-Millət Partiyası koalisiyasının qurduğu hökumət 8 ay vəzifədə qalıb.

1974-cü ildə CHP ilə Milli Qurtuluş Partiyası arasında qurulan koalisiya hökuməti 2 il hakimiyyətini sürdürə bilib.
 

1975-ci ildə Ədalət Partiyası, Milli Qurtuluş Partiyası, Milliyyətçi Hərəkat Partiyası və Respublikaçı Güvən Partiyası arasında qurulan koalisiya hökuməti 27 aydan sonra dağılıb.

21 iyul 1977-ci ildə Ədalət Partiyası-Milli Qurtuluş Partiyası-Milliyyətçi Hərəkat Partiyası yeni koalisiya hökuməti qurub, amma 6 ay ərzində bu hökumət də dağılıb.

1978-ci ildə CHP-nin istiqlalçı deputatlarla birlikdə qurduğu hökumət 2 il fəaliyyət göstərib.

20 noyabr 1991-ci ildə Doğru Yol Partiyası və Sosial Demokrat Xalqçı Partiyasının koalisiya hökuməti 16 may 1993-cü ildə dağılıb.

Doğru Yol Partiyası və Sosial Demokrat Xalqçı Partiyası 1993-cü ildə yenidən bir araya gəlsə də, onların koalisiyası 28 ay sonra yenidən dağılıb.

1995-ci ildə Doğru Yol Partiyası və Cümhuriyyət Xalq Partiyasının qurduğu koalisiya 4 ay davam edib.

1996-cı ildə Ana Vətən Partiyası və Doğru Yol Partiyasının yaratdığı koalisiya hökumətinin səlahiyyət müddəti cəmi 3 ay olub.

Dərhal sonra qurulan Rifah Partiyası-Doğru Yol Partiyası koalisiyası 1 il vəzifədə qala bilib.

30 iyun 1997-ci ildə yaradılan koalisiya hökuməti Ana Vətən Partiyası-Demokratik Sol-Demokrat Türkiyə Partiyasının deputatlarından ibarət idi. Koalisiya 18 ay hakimiyyətdə qalıb.

Demokratik Sol Partiyası- Milliyyətçi Hərəkat Partiyası-Ana Vətən Partiyası koalisiya hökuməti 1999-cu il mayın 28-də yaradılıb və 2002-ci il noyabrın 18-dək 3,5 il hakimiyyətdə qalıb.

A.Qorxmaz

Mənbə

Share: