
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün aparılan proses davam edir və Ankara bu məsələdə səmimidir.
Modern.az-ın məlumatına görə, bu barədə “TRT Haber”ə diplomatik mənbələrdən bildirilib.
Qeyd olunub ki, iki ölkə arasında münasibətlərin normallaşdırlması prosesi çərçivəsində növbəti addım kimi internet əlaqələri qurulub.
İndiyə kimi Türkiyə ərazisindən internet vasitəsi ilə Ermənistan mənbələrinə girişə qadağa var idisə, artıq bu maneə aradan qaldırılıb. Nəticədə Ermənistana səyahət etmək istəyən Türkiyə vətəndaşları üçün viza prosesini də asanlaşdırılıb.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yenidən normallaşması üçün aparılan ilk danışıqlardan bir il ötür, iki ölkə arasında birbaşa uçuşların bərpası, birbaşa hava yük ticarəti qarşısındakı maneələrin aradan qaldırılması kimi addımlar atılıb.
Ankara və İrəvan iki ölkə arasında normallaşma danışıqları üçün xüsusi nümayəndələr təyin edilib.
Dialoq prosesi çərçivəsində Vaşinqtondakı keçmiş səfir Serdar Kılıç Türkiyənin xüsusi nümayəndəsi, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan isə İrəvan administrasiyasının xüsusi nümayəndəsi təyin edilib.