Türkiyəmizdə baş verən müdhiş və miqyası heç nə ilə ölçülməyən ağır fəlakətə bütün Azərbaycan kimi, Kəlbəcər rayonunun Quzeyçiskin kəndinin əhalisi də biganə qalmadı və hər kəs evində işlənməmiş yorğan-döşəyi, geyinmədiyi paltarları və digər məişət əşyalarını yardım məntəqələrinə daşıdı. Həmçinin kəndin “votsap qrupu” 1000 manat məbləğində vəsait toplayıb yardım fonduna göndərdi. İlk baxışda kiçik bir məbləğdir, amma nəzərə alsaq ki, 30-40 rayona səpələnmiş bir kəndin imkanlı adamı təəssüf ki, demək olar yoxdur. Buna baxmayaraq, kasıb büdcəsindən yardım ayırmayan qalmadı. Kimin imkanı nəyə çatdısa, əsirgəmədi.
Moderator.az-dan xahişimiz budur ki, bunu ilk təşəbbüs kimi, yayımlayıb respublikamızın bütün şəhər, kənd və qəsəbələrin əhalisinə müraciət etsin. Məlum bir rəvayət bu günlərdə çox aktualdır. Belə ki, kəndlərin birində ev yanır, camaat yığışıb su daşıyır, yanğını söndürməyə çalışır. Baxırlar ki, bir qaranquş dimdiyində su gətirib yanğının üstünə atır və yenidən su gətirməyə uçur. Bir nəfər gülə-gülə deyir ki, sənin o beş-on damcın bu boyda yanğına nə edəcək, özünü niyə əsir-yesir edirsən? Qaranquş başını aşağı salıb deyir ki, bilirəm mənim yardımım heç nədir. Amma başqa cür edə bilmədim. Mən keçən il balalarımı bu evin eyvanında qurduğum yuvada böyütdüm. Ev sahibi bircə dəfə də xətrimə dəymədi, indi mən nə etməliydim?! Sabah o kişini görəndə xəcalətimdən onun üzünə necə baxa bilərdim? Əlimdən gələni edirəm ki, xəcalətli qalmayım…
Sözümün canını yəqin ki, anladınız. Qüdrətli Türkiyəmiz onsuz da bu sınaqdan da çıxacaq, dim-dik dayanacaq, amma qaranquşun sözü olmasın, biz nə cür qardaşlarımızın üzünə çıxacağıq? Ona görə də xahiş edirəm, ən kiçik yardımlara ironiyayla yanaşmayın, əziz oxucular. Nəyə imkanınız çatırsa, əsirgəməyin. Dost-qardaş dar gündə bilinər.
Əlövsət Ağalarov, Sabiq millət vəkili, publisist-jurnalist