“Rusiya bütün demokratik dünyaya nifrət edən psixopat dövlətdir…” -Podolyak

“Rusiyanı şoka salmaq üçün öldürülən rusiyalıların sayını artırmaq lazımdır…”

 

“Qarşıdakı bir neçə gün bizim üçün neqativ emosional çalarlar kəsb edəcək…”

 

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümündə rusiyalı işğalçılardan nələri gözləmək olar?..

 

Yaxın günlərdə Rusiya qoşunları ukraynalılara psixoloji təzyiq göstərmək üçün raket zərbələri və feyk məlumatlarla cəbhədə özlərinin “uğurları”ndan istifadə edə bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “24 kanal” nəşrinə müsahibəsində deyib.

 

Onun fikrincə, ukraynalılar fevralın 24-də tez-tez elan ediləcək hava həyəcanı siqnallarına, dronlarla ehtimal edilən hücumlara, raketlərə və işğalşıların ölkənin dərinliklərinə doğru irəliləməsi barədə feyk bəyanatlara hazır olmalıdır.

 

“Biz mövcud riskləri anlayırıq. Onlar yerdə qalan raket resurslarından Ukrayna ərazisinə hücum etmək üçün istifadə etməyə cəhd göstərəcək. Biz anlamalıyıq ki, qarşıdakı bir neçə gün bizim üçün müəyyən neqativ emosional çalarlar kəsb edəcək”, – o, deyib.

 

Müşavir qeyd edib ki, “Rusiya bütün demokratik dünyaya nifrət edən psixopat dövlətdir”.

 

“Onlar, sadəcə, Ukraynanı məhv etmək istəyir, anlayır ki, heç bir hərbi hədəfləri yoxdur. Prezident Vladimir Zelenski Rusiyanın revanş cəhdlərindən danışanda tamamilə haqlıdır”, – o, vurğulayıb.

 

Müşavir həmçinin ukraynalıları “sadəcə, təmkinli olmağa” çağırış edib.

 

Podolyak qeyd edib ki, Rusiyadan düşdüyü vəziyyətini anlamasını gözləmək əbəsdir.

 

“Orada kiminləsə nədənsə danışmağa heç kim yoxdur, çünki onlar razılaşmaların heç birisini icra etmir”, – o, uzah edib.

 

Onun sözlərinə görə, istənilən razılaşmaları rusiyalılar müvəqqəti olaraq döyüşlərin intensivliyini dayandırmaq, “müəyyən təkmilləşmə” aparmaq və bundan sonra yenidən Ukraynanı məhv etməyi davam etdirmək vasitəsi kimi istifadə edəcək.

 

Müşavir vurğulayıb ki, ukraynalılar işğalçılara qarşı igidliklə müqavimət göstərir və Ukrayna hücumlar üçün lazımi silah əldə etsəydi, bu müqavimət daha da effektiv olardı.

 

“Rusiya qarşılıqlı gücdən başqa heç nə anlamır. Zənnimcə, Rusiyanı şoka salmaq üçün öldürülən rusiyalıların sayını artırmaq lazımdır”, – Podolyak deyib və əlavə edib ki, bunun üçün döyüş meydanında iki-üç dəfə çox mərmi lazımdır.

 

Xatırladaq ki, fevralın 21-də Putin Federal Məclisə müraciət edəcək (Konstitusiyaya görə, o, bunu 2022-ci ildə etməli olub, amma etməyib).

 

Fevralın 22-də Rusiya Dövlər Duması və Federasiya Şurasının növbədənkənar birgə iclası keçiriləcək.

 

Elə həmin gün Kreml Moskvanın “Lujniki” məkanında işğalçı ölkə prezidentinin iştiraklı ilə mitinq-konsert keçirməyi planlaşdırır.

Mənbə

Share: